“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim edilib. Hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi mərkəzin səlahiyyətlərində deyil.
Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1 faiz artıb).
Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50 faiz azaldıldı.
Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərib. DİM-in saytında 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunub. Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir. Digər vacib bir məqamı da unutmaq olmaz. İmtahandan sonra müsabiqə şərtlərinin dəyişdirilməsi müsabiqə şərtlərini ödəyən digər abituriyentlərin hüquqlarına ziddir. Belə ki, bəzi abituriyentlər ikinci mərhələ üzrə müsabiqə şərtinin aşağı salınmasını xahiş edirlər. Belə olan halda, müsabiqənin ümumi bala əsasən aparıldığına görə, həmin abituriyentlər ilkin müsabiqə şərtlərini ödəmiş, yəni hər iki mərhələ üzrə lazımi nəticə göstərmiş, lakin ümumi balı güzəşt olunan abituriyentlərdən bir qədər az olan abituriyentlərə nisbətən üstünlük qazanırlar.
Beləliklə, qeyd olunanlara əsasən bu il əvvəlcədən müəyyən olunmuş müsabiqə şərtlərinin dəyişdirilməsi üçün heç bir hüquqi və elmi əsas yoxdur.