Əyyub Abdullayevin müəllifi olduğu kitab və atlasın təqdimat mərasimi keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müəllifin “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” kitabı və “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası”nın təqdimat mərasimi Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baş tutub.
Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, hər iki nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin muxtar respublikada süni mayalanma işinə ciddi diqqət edilməsi, heyvandarlığın inkişafında rayonlaşmanın aparılması, ərazilərə uyğun heyvanların saxlanılmasının elmi əsaslarla öyrənilməsi, sahibkarlar və əhalinin maarifləndirilməsi və bu sahə ilə bağlı ədəbiyyatların nəşr edilməsi ilə bağlı tapşırığına əsasən hazırlanıb.
Qeyd olunub ki, müəllif kitabında akademik Əyyub Bəşirovun elmi əsərlərinə və bu sahə ilə bağlı yazılan bir çox kitablara istinad edib. 4 hissədən ibarət olan kitabda muxtar respublikada süni mayalama metod və texnologiyalarının işlənib hazırlanması və onların geniş miqyasda damazlıq təsərrüfatlarında tətbiqi ilə bağlı ətraflı məlumat verilir. İstər heyvandarlıq sahəsinin mütəxəssisləri, istər tələbələr, istərsə də heyvandarlıqla məşğul olan fermerlər bu kitabdan öz fəaliyyətlərində səmərəli şəkildə yararlana bilərlər.
Tədbirdə çıxış edənlər müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda müəllif Əyyub Abdullayev kitab və atlasın dərc olunmasında göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Mədinə Rəhimli