Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.
Qərara əsasən ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslər 45 dəqiqəlik olacaq. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir.