Xüsusi karantin rejimində təhsil müəssisələrində texniki heyət üzrə yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərarında öz əksini tapıb.
Qərara əsasən texniki heyət üçün növbəli iş rejimi tətbiq ediləcək. Onların iş vaxtı əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkil olunacaq. Texniki heyətin təhsilalanlarla və təhsilverənlərlə fiziki təması minimuma endiriləcək.
Eyni zamanda, texniki heyət mütləq qaydada təhsil müəssisəsində iş prosesində maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Texniki heyət istirahət üçün yerini dəyişdikdə (çay, yemək fasiləsi və s.) istifadə etdiyi maskanı və varsa, əlcəyi çıxarır və xüsusi qapalı zibil qutularına atır. Üz qoruyucunu növbəti dəfə istifadə etmək üçün 70 faizli spirt məhlullu vasitə ilə təmizləyir.