AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kitabın müəllifi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıldır.
Təqdim mərasimində Azərbaycan dilinin dünya dilləri arasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışan Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, dil siyasəti Naxçıvanda da uğurla davam etdirilir.
Akademik diqqətə çatdırıb ki, Zülfiyyə İsmayılın ictimaiyyətə təqdim olunan “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir.
Çıxış edənlər bildirib ki, “Ön söz”, 2 fəsil, istifadə olunmuş ədəbiyyat siyahısından və mündəricatdan ibarət olan əsərin birinci fəslində Azərbaycan ədəbiyyatının böyük simalarının dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir, ikinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər yetirilir.
Sonda kitabın müəllifi Zülfiyyə İsmayıl çıxış edərək Azərbaycan elminə göstərilən diqqət və qayğıdan söz açaraq kitabın ərsəyə gəlməsində bu gün elmi işçilərə yaradılan şəraitin, göstərilən diqqət və qayğının, dəstəyin böyük rolu olduğunu qeyd edib.