Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir. Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak edə bilirlər.
Müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 namizəd sənəd təqdim edib. Test imtahanında hər bir namizədə, ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir.
Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə buraxılır.
Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Qeyd edək ki, test imtahanları 19 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.