Avropa və Qrenlandiya ərazilərində dəfn edilmiş vikinqlərin DNT-si ilə bağlı altı il tədqiqat aparmış alimlər araşdırmanın sensasiyalı nəticələrini açıqlayıblar. Bu barədə məqalə “Nature” jurnalında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, məqalədə vikinqlərin və skandinavların sinonim olmadığı, həmçinin zahirən müasir isveçlilərə və norveçlilərə oxşamadıqları bildirilir.
Alimlər vikinqləri Skandinaviya sahillərində qəddar dəniz quldurları kimi təsvir edən ədəbi-bədii versiyaya ehtiyatla yanaşıblar. Onlar Kembric Universitetinin Müqəddəs İoann Kollecinin professoru və Kopenhagen Universitetinin Geogenetika Mərkəzinin direktoru Eske Villerslevin rəhbərliyi altında DNT-nin sekven edilməsinin ultramüasir metodlarının köməyilə Avropa və Qrenlandiya üzrə çoxsaylı məzarlardan 442 vikinqin (o cümlədən kişi, qadın və uşaq) tam genomunu bərpa ediblər. Bu məzarların tarixi eramızdan əvvəl 2400-cü ildən eramızın 1600-cü illərinədək olan dövrü əhatə edir.
Alimlər bu qənaətə gəliblər ki, Skandinaviya yarımadasında vikinq icmaları xaricdən gələn böyük axının təsiri altında yaranıb. “Biz öyrəndik ki, vikinqlər genetik mənşə baxımından sadəcə skandinav olmayıblar. Onların DNT-də Cənubi Avropa və Asiyanın təsirləri aşkarlanıb ki, əvvəllər bu barədə heç düşünülməyib. Skandinaviyanın həm daxilində, həm də xaricində yaşamış bir çox vikinqlər qeyri-skandinav mənşəli olublar”, - deyə məqalə müəlliflərindən biri, Kopenhagen Universitetinin professoru Martin Sikora bildirib.
Şotlandiyadakı məlum məzarlarda vikinq hesab edilənlər əslində yerli əhali olub. Zahirən vikinqlərə bənzəyən həmin əhali onların adət-ənənələrinə də riayət edib. Böyük Britaniya əhalisində DNT-nin təqribən 6 faizi vikinqlərə aiddir. İsveçlilərdə bu, on faizdir. Digər tərəfdən, Norveçdə və Orkney adalarında vikinq skeletləri arasında əsl britaniyalılar da olub. İndi genetik cəhətdən sübut olunub ki, müasir Norveç ərazisindəki vikinqlər İrlandiya, Şotlandiya, İslandiya və Qrenlandiyaya gəlmiş, Danimarka ərazisindəki vikinqlər İngiltərəyə, İsveçdəki vikinqlər isə Baltik ölkələrinə getmişlər. Ekspedisiyaların çoxunda monastırlara və sahilyanı şəhərlərə basqınlar edilib. Lakin vikinqlər ticarətlə də məşğul olublar, əsasən xəz, suiti piy satıblar. Daha çox əyləncə xarakterində olan basqınlarda yaxın qohumlardan ibarət böyük qruplar iştirak edirdi. Məsələn, basqın zamanı öldürülmüş vikinqlərin məzarlığında alimlər dörd qardaşın, eləcə də digərlərinin genetik baxımdan yaxın olduğunu müəyyənləşdiriblər.
Müəlliflərin gəldiyi qənaətə görə, vikinqlərin çoxunda saçın rəngi indiyədək hesab edildiyi kimi açıq, kürən deyil, şabalıdı olub.