Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, test imtahanları 31avqust - 16 sentyabr tarixlərində keçirilib.
Müsabiqəyə çıxarılan 268 vakant vəzifədən 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət edib ki, bu da son illərdə ən yüksək göstəricidir. Test imtahanlarında iştirak edən 714 namizəddən 414–ü keçid balını toplayıb.
Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olub. Ən çox müsabiqə vəziyyəti isə İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.
Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilib və hər bir düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etməyib.
Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Keçid balını toplamış namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.
Qeyd edək ki, test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilib. İmtahan bitdikdən dərhal sonra iştirakçılara imtahanının nəticəsinə dair arayış təqdim edilib, nəticələr gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.