Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsinin əsas hədəflərindən biri uğurla tamamlanıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihə müvafiq olaraq aşağıdakı məqsədləri hədəfləyir:
I mərhələ - yerli xarici dil fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi istiqaməti ilə bağlı təkliflərin hazırlanması;
II mərhələ (yanvar ayı, 2021-ci il ) - CEFR səviyyələri əsasında yeni dərslik layihələrinin hazırlanması;
III mərhələ (mart ayı, 2021-ci il) - xarici dil müəllimlərinin peşəkar inkişafı üçün təlim materiallarının hazırlanması.
Layihənin 24 avqust- 6 oktyabr tarixlərini əhatə edən I mərhələsi çərçivəsində həyata keçirilən onlayn təlimə həm DİM, həm Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. Layihə üzrə təlim və konsultativ sessiyalar uğurla davam edir. Belə ki, artıq müəyyən edilmiş hədəflərdən biri uğurla tamamlanıb və “Xarici dil fənni üzrə kurikulum” CEFR əsasında təhlil edilib və təkmilləşdirilməsi istiqamətində sənəd hazırlanıb. Hazırda ingilis dili fənni üzrə dərsliklərin təhlili prosesinə start verilib.
Qeyd edək ki, 8 sentyabr tarixli təlim sessiyasında ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri – mədəniyyət və təhsil işləri üzrə müşavir Riçard Pinkham və təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova da iştirak ediblər. Sessiyada iştirakçılarla layihədən gözləntilər, ingilis dilinin tədrisi barədə fikir mübadiləsi aparılıb, növbəti mərhələyə dair məsələlər müzakirə edilib.
Xatırladaq ki, layihənin əsas məqsədi xarici dil fənni üzrə kurikulumun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.
Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır. O, DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub.