Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmuş onlayn konsert keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan konsertdə Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova bildirib ki, Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Musiqi Günü kimi qeyd olunur.
Konsertdə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası, “Sənsiz”, “Cəngi” əsərləri səsləndirilib. Konserti fakültənin “Buta” instrumental ansamblı, fortepianoda isə Ülvi Əhmədov və Səxavət Rəhimov müşayiət ediblər. Xalq mahnısı “Sarı gəlin” və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri konsertə xoş ovqat bəxş edib.
Səadət Əliyeva