Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ixtisas seçimində 10 min 958 (Azərbaycan bölməsi -10 min 745, rus bölməsi -213) abituriyent iştirak edib.
Müsabiqənin nəticələri elan olunub və mərkəzin saytında yerləşdirilib.
Xatırladaq ki, bu il qəbul planı 9 min 885 yer olub. Müsabiqənin nəticələrinə əsasən 9 min 310 abituriyent (qəbulolma faizi 94.16-dır) kollecə qəbul olub. Bunlardan 7 min 771 nəfər xüsusi qabiliyyət tələb etməyən ixtisaslar, 1539 nəfər isə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul olunub.
Qəbul olunanların siyahısı sentyabrın 16-da “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalda abituriyentlərin siyahısı ilə yanaşı, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Nəzərinizə çatdırırıq ki, qəbul olunanlar sentyabrın 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Sentyabrın 19-u 10-a olan məlumata əsasən, qəbul olunanların 20 faizi qeydiyyatdan keçib.