Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

A- A A+

Rezidenturaya qəbul olmaq üçün müsabiqədə iştirak etmək hüququ qazanan namizədlər artıq müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, namizədlərdən 459 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanan namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 25-dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində (səh. 6-7) dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından (II mərhələ) topladıqları bal əsasında aparılacaq.

Namizədləri ən çox maraqlandıran daha bir suala aydınlıq gətirmək üçün bildirilir ki, ötən illərdə olduğu kimi, cari ildə də rezidenturada təhsil alan namizədlərin təhsilini davam etdirməkdən imtina etməsi faktı qeydə alınıb. Namizədlər unutmamalıdırlar ki, qəbul olduqdan sonra imtina etdikləri plan yerləri imtinadan sonra boş qalır, bu da xərclənən dövlət vəsaitinin israf olunmasına, eləcə də gələcəkdə imtina olunmuş ixtisaslar üzrə kadr çatışmazlığına gətirib çıxarır. Eyni zamanda, imtina olunmuş plan yerinə qəbul olmaq arzusunda olan hər hansı bir namizəd ya başqa bir ixtisasa qəbul olmuş olur, ya da rezidenturaya qəbul ola bilmir. Ona görə də ixtisas seçimi edərkən bu yolda uğur qazanan digər həmkarlar nəzərə alınmalıdır.

İstiqamətlər və ballar üzrə histoqram ilə DİM-in saytındakı cədvəllərdə tanış olmaq mümkündür.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: