Rusiyalı alim NDU-da vebinar təlim keçib - FOTOLAR
Naxçıvan Dövlət Universitetində Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi üsullarına dair vebinar təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin rektoru Elbrus İsayev ali təhsilin davamlı inkişafa nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Science” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.
Clarivate Analytics təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova təlimin məqsədindən danışıb, gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi mövzusunda Beynəlxalq münasibətlər üzrə Moskva Dövlət İnstitutunun dosenti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakayeva bildirib ki, Web of Science və Scopus hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul olunur. Web of Science bazasına 12 mindən, Scopus bazasına isə 25 mindən artıq jurnal daxildir. Hər il bu bazalar yenilənir, yeni jurnallar daxil edilir və ya bazadan çıxarılır.
Görüşün sonunda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da keçirilməsi qərara alınıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Onu da qeyd edək ki, 2018-ci ildə ölkəmiz elm sahəsində Scopus-un siyahısında 233 ölkə arasında 92-ci, WoS-un siyahısında isə 224 ölkə arasında 98-ci yerdədir.
Səadət Əliyeva