Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt – süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici – stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir. Əgər söhbət daha dar damarlardan gedirsə, o zaman problem yaranır: qandakı zülal onların daxili divarlarına çökərək qalır və tədricən tromb yaradır. Bundan başqa, əgər protez uşaq vaxtı qoyulubsa, yeni-yeni cərrahi əməliyyat etmək lazım gəlir, çünki uşaq orqanizmi inkişaf edir, protez isə yox.
Bunun həlli yolu yeni damarın inkişafı üçün kömək edəcək və tədricən əriyəcək protez ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin, İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin və Rusiya Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutunun əməkdaşları damarların böyüməsi üçün məhz belə bir matris hazırlayıblar. Matris təbii damarın lifli quruluşuna çox oxşayan nano və mikrolifdən ibarətdir. Fiziki-kimyəvi xüsusiyyətlərinə - mexaniki möhkəmliyinə, məsaməliliyinə, hidrofobluğuna görə bu material damar üçün müvəqqəti protez ola bilər və onun üstündə əsl damar inkişaf edəcək.
Siçovullarla aparılan təcrübədə aortaya polialktid əsaslı matris tikilib. Məqalədə qeyd olunur ki, süni damar (daha doğrusu damarın sahəsi) həqiqisinə əvəz edilib: matris 16 ay ərzində iz qoymadan əriyib. Doğrudur, yeni damar ilkin ani mərhələdə təbii damara çox oxşayırdısa, sonda onda anevrizm yarandı. Görünür damarın divarını möhkəmləndirmək lazımdır. Tədqiqatçılar növbəti dəfə matrisə damarın ona möhkəmlik verən orta qatının hüceyrələrini əlavə etməyi planlaşdırırlar ki, bu, anevrizmlə bağlı problemi aradan qaldırmağa kömək edəcək.