NDU-da “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Universitetin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikada turizmin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu vardır.
Rektor universitetdə “Turizm işinin təşkili” ixtisasının açılmasının muxtar respublikada bu istiqamət üzrə kadr hazırlığına töhvə kimi dəyərləndirib.
Konfransda universitetin Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarovun, kafedranın müəllimi Nigar Bababəylinin, “Anadolu” Universiteti Turizm fakültəsinin müəllimi İnci Oya Coşkunun, Azərbaycan Turizm və Menecment Universiteti “Menecment” kafedrasının müəllimi Məsumə Əliyevanın, Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Vurğulanıb ki, muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilmiş info-turlar, aparılan təbliğat işləri də turistlərin sayının artmasına müsbət təsir göstərib.
Konfransın sonunda belə nəticəyə gəlinib ki, turizmdə baş verən bütün neqativ halların qarşısını almaq üçün təkcə bir və ya bir neçə dövlət deyil, bütövlükdə dünya dövlətləri bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidirlər.
Səadət Əliyeva