Naxçıvanda musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün iyulun 15-də elan olunan müsabiqənin müsahibə mərhələsi sentyabrın 24 və 25-də Naxçıvan Musiqi Kollecində keçirilib.
Müsabiqəyə çıxarılan 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənət təqdim edib. Sentyabrın 17-19-u tarixlərində keçirilən test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Naxçıvan Musiqi Kollecində ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak edib.
Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.
Bu mərhələdə namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilib. Müsahibə mərhələsinin nəticələri 5 ballıq sistem əsasında qiymətləndirilib. Müsahibə mərhələsində 34 nəfər iştirak edib, 23 nəfər müvafiq keçid balını toplayıb. Qeyd edək ki, keçid balı 12 və ya daha çox olmalıdır. Bu mərhələdə uğur qazanmış şəxslərin sənədləri işə təyin olmaq üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndərilib.
Əbülfəz Dünyamalıyev