Sentyabrın 30-da Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu aktivləşdirilib.
Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, https://e-telebe.edu.az elektron portalı ilkin olaraq 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatını aparacaq. Oktyabrın 7-dən etibarən isə yuxarı kurs tələbələrinə münasibətdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətləri qəbul ediləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə bu tədris ilində qəbul olunan tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə, yəni oktyabrın 7-dək yekunlaşmalıdır.
Bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.
2019-2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur.
Belə ki, həmin tələbələrin 2019-2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək.
2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmiş 15 min 209 tələbənin, o cümlədən ali təhsil müəssislərində təhsil alan 12 min 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 min 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Onlardan 11 min 372 nəfəri bakalavriat, 752 nəfəri magistratura, 2 min 830 nəfəri subbakalavr, 190 nəfəri ilk peşə təhsili səviyyəsində və 65 nəfəri isə texniki peşə təhsili pilləsində təhsil alır.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.
http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə bu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatının aparılmasına dair müraciətlərin qəbulu oktyabrın 7-dək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə oktyabrın 7-dən 20-dək aktiv olacaq.
Təhsil müəssisələrinə rəsmi internet səhifələrində elektron ünvan (https://www.e-telebe.edu.az) göstərilməklə müvafiq elanın yerləşdirilməsi və tələbələrin məlumatlandırılması tövsiyə olunur.