NDU-da külək və günəş hibrid qida qurğusu qurulub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsində külək və günəş hibrid qida qurğusu istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev külək və günəş hibrid qida qurğusunun muxtar respublikada ilk dəfə universitetdə qurulduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, yaradılan qurğu Naxçıvanda bu ixtisas üzrə peşəkar kadrların formalaşması üçün mühüm əhəmiyyətə malikdir.
Qurğunun tələbələr üçün tədris laboratoriyası rolunu oynayacağını diqqətə çatdıran fakültənin dekanı Cavanşir Zeynalov bildirib ki, bu qurğu fakültələri elektrik enerjisi ilə təmin edəcək. Dekan qurğunun iş prinsipi haqqında məlumat verib. Bildirib ki, külək trubini gövdəsinin hündürlüyü 12, pərləri isə 4 metrdir. Qurğu 10 Kilovolt enerji vermə qabiliyyətinə malikdir. 12 ədəd günəş panelinin hər biri 280 volt olmaqla, 3.3 Kilovolt enerji vermək qabiliyyətinə malikdir.
Sonra Naxçıvan Qaz-turbin elektrik stansiyasının direktoru Mürsəl Səfərov fakültə daxilində yerləşən enerji bloku haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda Energetika ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Arif Qurbanov energetika sahəsində universitetdə yaradılan şəraitə görə tələbələr adından öz minnətdarlığını bildirib.
Telli Mustafayeva