Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 5 oktyabr saat 09:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 6‑cı sayında dərc olunub.