Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur. Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafı ilə bağlı olmuşdur. Təhsilin inkişafı isə yüksəkixtisaslı, peşəkar və təcrübəli müəllimlərin formalaşmasından asılıdır. Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,– deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir, dövlət proqramları qəbul olunaraq icra edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə olmaqla yanaşı, həm də elm və təhsil ölkəsi kimi tanınır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində böyük rolu olan müəllimlərinin əməyini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.
Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsində ardıcıl tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Təkcə 2020-ci ilin ötən dövründə 4 tam orta məktəb binası istifadəyə verilmiş, hazırda 4 ümumtəhsil müəssisəsi, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ordubad və Culfa rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə innovativ dərnəklər yaradılır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmişdir. Məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqinə başlanılmışdır.
Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən daim qiymətləndirilmişdir. Muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının “Əməkdar müəllimi”,189-u isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır.
Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Bunun nəticəsidir ki, muxtar respublikada 2019-2020-ci tədris ilinin nəticələri də uğurlu olmuş, qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, məzunlardan 1493-ü ali, 182-i isə ali hərbi məktəblərə olmaqla, ümumilikdə 1675-i qəbul olmuşdur. Onlardan 275-i 500-700 arası bal toplamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən, bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 419 müəllim işlə təmin olunmuşdur. Bunlarla yanaşı, muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə ötən müddət ərzində keçirilən 3 sertifikasiya imtahanında yüksək nəticə göstərən 505 müəllim sertifikatla təmin edilmişdir.
Bu gün muxtar respublikada müəllim əməyinə yüksək dövlət qayğısı göstərilir, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Ali Məclis Sədrinin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər. Ötən tədris ilində 663 məzunun (onlardan 73-ü 500-700 arası bal toplayıb) pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir. Son illər muxtar respublikamızın təhsil sistemində davamlı şəkildə həyata keçirilən müəllimlərin işə qəbulu imtahanları səriştəli, hazırlıqlı, yüksək motivasiyalı təhsilverənlərin ümumtəhsil müəssisələrinə gəlməsinə imkan verib. Müəllimlərin işə qəbulu prosesinin şəffaflığı, əlçatanlığı və nəticələri təhsil sistemində müsbət inkişaf dinamikasının güclənməsi, rəqabətli təhsil mühitinin formalaşması müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarıb.
Son illər muxtar respublikada təhsil sistemində aparılan islahatlar müəllim hazırlığı sahəsini də əhatə edir. Bu gün ali təhsil müəssisələrində müəllim hazırlığı sahəsində mühüm işlər görülür. Eyni zamanda onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim hazırlığına yeni yanaşmaları əks etdirən kurslar təşkil edilir, təlimin təşkilində nəzərdə tutulmuş məqsədlərə nail olunması, nəticələrin əldə edilməsi və müəllimlər arasında təcrübə mübadilələrinin aparılması üçün Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda kimya, biologiya və fizika fənləri üzrə ixtisasartırma kursları, elmi-praktik konfranslar keçirilir.
Bu gün təhsildə “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil”, “Dərsdən sonra”, “Həftə sonu”, “Sabahın tədqiqatçıları” və “Sabahın müəllimi” layihələri tətbiq olunur. İxtisaslı müəllim hazırlığını yaxşılaşdırmağa xidmət edən “Sabahın müəllimi” layihəsi çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə mütəmadi olaraq təhsildəki yeniliklər haqqında məlumatlar verilir, təcrübəqabağı konfranslar təşkil olunur, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçmələrinə şərait yaradılır, kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə ali təhsil müəssisələrinə dərslik və metodik vəsaitlərin verilməsi təmin olunur.
Bundan başqa təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində bu il ilk dəfə olaraq muxtar respublika ümumtəhsil məktəbləri də 27 layihə ilə iştirak edib. Sevindirici haldır ki, muxtar respublika ümumtəhsil məktəblərinin ilk dəfə müsabiqədə iştirak etməsinə baxmayaraq, təqdim edilən layihələrdən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla, ümumilikdə 5 layihə qalib olub.
Həmçinin muxtar respublika ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Qaydaya əsasən, bu tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”.
Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti