Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mərkəzin internet saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 23 min 465 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1193 nəfər (o cümlədən 1097 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10 min 622 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 99,47 faiz dolub. Cəmi 57 yer (0,53 faiz) boş qalıb. Bu yerlər də xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.
Oktyabrın 6-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal PDF formatında) dərc olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər, o cümlədən orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər oktyabrın 6-dan 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir. Abituriyentlər təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.