Amerika və Almaniya astrobioloqlarının fikrincə, kosmosda yaşayış şəraiti Yerdən daha yaxşı olan planetlər var. Tədqiqatın nəticələri “Astrobiology” jurnalında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, tədqiqatçılar 4,5 min ekzoplanet üzrə temperatur, rütubətlilik və digər mühit amilləri haqqında məlumat toplayıblar. Onlar arasından Yerlə müqayisədə yaşına və ölçüsünə görə bir qədər böyük, daha rütubətli olan 24 planet seçilib. Şərti olaraq potensial “ifrat məskun” adı verilmiş həmin planetlərdə, alimlərin fikrincə, Yerlə müqayisədə həyatın ali formayadək inkişafı üçün daha çox imkanlar olub. Bu 24 planetin hamısı Yerdən 100 işıq ilindən çox məsafədə yerləşir və gələcəkdə onları NASA-nın “Ceyms Uebb” və LUVIOR, habelə Avropa kosmik agentliyinin PLATO teleskopları ilə tədqiq etmək olar.
Tədqiqat qrupunun rəhbəri, Vaşinqton Ştatı Universitetinin professoru Dirk Şultse-Makuxun fikrincə, yeni teleskopların meydana gəlməsilə daha ox informasiya əldə etmək mümkün olacaq. Tədqiqatçılar mürəkkəb həyat üçün daha çox şərait vəd edən planetlər üzərində dayanmalıdır. İkinci Yer planetini axtarmağa qapılmaq lazım deyil. Elə planetlər ola bilər ki, onlar həyat üçün bizimkindən daha münasibdir.
Alimlər Kepler ulduz arxivindən Yer planetinə oxşar planet-ulduz sistemlərini seçiblər. Onları ilk növbədə spektral sinif Günəşdə olduğu kimi G-tip ulduzlar, habelə daha çox uzunömürlü hesab edilən K-sinif cırtdan ulduzlar maraqlandırıb.
Məsələ ondadır ki, G-ulduzların ömrü nisbətən qısadır – on milyard ildən azdır. Yer üzündə həyatın meydana gəlməsinə təxminən 4 milyard il lazım olduğu nəzərə alınarsa, Günəşə bənzər ulduzların çoxunda yanacaq hələ mürəkkəb formaların meydana gəlməsindən əvvəl qurtara bilərdi.
K-ulduzlar Günəşdən bir qədər soyuq, daha az kütləli və daha az parlaqdır, lakin ömrü uzundur – 20-70 milyard il. Bu, o deməkdir ki, onlarda həyatın inkişafı üçün daha çox vaxt var. Alimlərin fikrincə, optimal dövr 5-8 milyard ildir. Bundan sonra planetin daxili geotermal istiliyi tükənir və qoruyucu maqnit sahəsi itir.
Ölçü və kütlə də əhəmiyyət daşıyır. Alimlər hesab edirlər ki, Yerdən 10-50 dəfə böyük planetlər həyat üçün daha münasib ola bilər. Onlar radioaktiv parçalanma hesabına daxili istiliyi uzun müddət qoruyacaq, habelə güclü qravitasiya hesabına atmosferi saxlayacaq. Həyat, həmçinin daha yüksək rütubət şəraitində asan inkişaf edə bilər. Buna sübut kimi tropik meşələrdə zəngin biomüxtəliflik göstərilir.
Şultse-Makuxun fikrincə, bəzən ifrat məskun prinsipini izah etmək çətin olur. Adətən belə fikir var ki, həyat üçün ən yaxşı şərait Yerdədir. Bizdə həyatın böyük miqdarda mürəkkəb və müxtəlif formaları var. Uyğunlaşmaq yaxşıdır, lakin bu o demək deyil ki, Yer ən yaxşı planetdir.
Müəlliflərin gəldiyi qənaətə görə, planetlərin “ifrat məskun” kateqoriyasına aid edilməsi o demək deyil ki, həmin planetlərdə həyat var, sadəcə, onlardakı şərait mürəkkəb həyatın inkişafı üçün əlverişlidir.