Səs sürətinin yuxarı həddi müəyyən edilib

A- A A+

Britaniya və Rusiya alimləri səsin maksimum mümkün sürətini hesablayıblar – saniyədə 36 kilometr. Bu, dünyada ən bərk maddə hesab edilən almazdakı səs sürətindən iki dəfə çoxdur. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, London Kraliça Meri Universiteti, Kembric Universiteti və Troitsk Yüksək Təzyiqlər Fizikası İnstitutunun alimləri ölçüsüz fundamental iki fiziki sabit – nazik strukturun daimiliyi və proton və elektron kütlələrinin münasibəti əsasında səsin mümkün maksimum sürətini hesablayıblar.

Müəlliflərin fikrincə, atom kütləsinin artması ilə səsin sürəti azalmalıdır. Alimlərin geniş material spektrində yoxladıqları nəzəriyyəyə görə, ən sürətli səs bərk atomar hidrogendə olacaq.

Yupiter kimi qaz nəhənginin nüvəsində hidrogen bərk halda olub, yüksək keçiriciliyə malik metal kimidir. Müəlliflər mürəkkəb kvant-mexanika hesablamalarını aparıb müəyyən ediblər ki, bərk atomar hidrogendə səsin sürəti nəzəri fundamental həddə yaxındır.

Kembric Universitetinin professoru Kris Pikard qeyd edir ki, elmin bir çox sahələrində bərk cisimlərdə səs dalğaları böyük məna daşıyır. Məsələn, seysmoloqlar Yerin daxili quruluşunu və təbiətini anlamaq üçün zəlzələnin yaratdığı səslərdən istifadə edirlər. Səs dalğaları materialşünaslar üçün də lazımdır. Onlar bunun vasitəsilə materialların elastiklik xüsusiyyətlərini, yüklərə qarşı davamlılığını müəyyənləşdirirlər.

Alimlər hesab edirlər ki, tədqiqatın nəticələri böyük elmi tətbiq sahəsinə malik olacaq. Müvafiq nəticələr yüksək temperaturlu ifrat keçiricilik, kvark-qlüon plazması və fiziki qara dəliklərlə bağlı nəzəri hesablamalarda istifadə olunan fiziki parametrlərin hədlərini tapmağa kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: