Bu barədə AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Belə ki, cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbirində bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.
Bildirib ki, bu dövrdə bölmə əməkdaşlarının 14 monoqrafiyası, 10 kitabı, 1 metodik vəsaiti, 308 elmi məqaləsi, 164 konfrans materialı və 5 tezisi olmaqla 502 elmi əsəri nəşr edilib. 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialları və 5 tezis xaricdə işıq üzü görüb.
Həmçinin bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının 2 nömrəsi çapdan çıxıb, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfransın və “Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə” respublika konfransının materialları nəşr olunub. “Naxçıvan tarixi mənbələrdə” kitabı, “Nağı Nağıyev: taleyi və sənəti” məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib.
Eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən geoparkın layihələndirilən ərazisinin geoloji, geomorfoloji, landşaft tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri, bu ərazidə yerləşən tarix-mədəniyyət, arxeoloji abidələr siyahısı qruplaşdırılıb, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Obyektlər barədə kompüter məlumat bazası yaradılıb.
Bölmənin Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib, 10 şagird müxtəlif layihələrdə iştirak edərək diplom və medallara layiq görülüb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əsərlərin müxtəlif dillərdə nəşr olunmasının zəruriliyini vurğulayıb. Alim cari ildə xaricdə işıq üzü görən əsərlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 29 əsər çox çap olunmasını, xaricdə nəşr olunan məqalələrin sayının artmasını yüksək qiymətləndirib.
Hesabat tədbirində əməkdaşlara fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq davam etdirmələri ilə bağlı tapşırıqlar verilib.