Naxçıvana həsr olunmuş yeni monoqrafiyanın təqdimatı oldu - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyanın müəllifi Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevdir.
Bu münasibətlə keçirilən tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli orta əsrlər dövrü tarixinin dərindən tədqiq edilməsində Naxçıvanın XVIII əsr tarixinin öyrənilməsinin aktual mövzulardan biri olduğunu bildirərək sözügedən yeni nəşrin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan və bu siyasətdə Naxçıvanın yeri araşdırılıb. Əldə olunmuş nəticələrin ümumiləşdirilməsi və ingilis dilində xülasəsi verilməsi əsərin dəyərini daha da artırıb.
Sonda müəllif İlhami Əliyev çıxış edərək monoqrafiyanın təqdimatının tarixi bir günə, 30 ildən sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın qarış-qarış alınması xəbərlərinin gəldiyi bir vaxta təsadüf etməsinin onun üçün ikiqat sevinc hissinə səbəb olduğunu diqqətə çatdırıb.