Astronomlar: Süd Yolu qalaktikasının mərkəzindəki qara dəlik çox asta dövr edir və ya yerində dayanır
Süd Yolu qalaktikasının mərkəzindəki ifrat kütləli qara dəliyin kənarlarında ulduzların hərəkət xarakteri göstərib ki, o, çox asta dövr edir və ya yerində dayanır. Tədqiqatın nəticələri “Astrophysical Journal Letters” jurnalında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Harvard Universitetinin professoru Abraham Loyeb Sgr A* (Oxatan A*) qara dəliyinin ən yaxın kənarlarında son vaxtlar kəşf edilmiş ulduzların müşahidə olunduğunu bildirib. Qeyd edib ki, həmin ulduzların hərəkət xarakterinə əsasən qara dəliyin dövretmə sürəti maksimum yol veriləndən 10 faiz artıq ola bilməz.
Alimlər hesab edirlər ki, Kainatda hər qalaktikanın mərkəzində bir və ya bir neçə ifrat kütləli qara dəlik var. Məsələn, Süd Yolunun nüvəsində Sgr A* qara dəliyi yerləşir. Yerdən 26 min işıq ili məsafəsində yerləşən bu qara dəlik Günəşdən 4 milyon dəfə ağırdır.
Sgr A* və digər bu kimi obyektlərin müşahidəsi göstərir ki, onların ətrafında çox sayda ulduzlar dövr edir. Alimlər güman edirlər ki, bu səma cisimlərinin bir hissəsi qara dəliklərə yaxınlaşır, cazibə nəticəsində ulduzlar hissələrə bölünür, güclü işıq və elektromaqnit dalğalar doğurur.
Astronomlar uzun illərdir ki, Sgr A* qara dəliyini müşahidə edir, onda fəallıq izi tapmağa çalışırlar. Bu müşahidələr onun bəzi fiziki xüsusiyyətlərini dəqiqləşdirməyə kömək edə bilər. Məsələn, Sgr A* altı il əvvəl G2 qaz buludu ilə yaxınlaşanda, eləcə də bu ilin əvvəlində astronomlar qara dəliyin kənarlarında özünü ulduzlar kimi aparan qaz buludları olduğunu kəşf ediblər.
Professor Loyeb və həmkarları, Şimal-Qərb Universitetinin (ABŞ) dosenti Cakomo Fraconenin apardığı tədqiqat nəticəsində məlum olub ki, ifrat kütləli qara dəliyin dövretmə xarakteri onunla dövri surətdə yaxın məsafədə olan səma cisimlərinin orbitlərinə təsir edəcək. Həmin səma cisimləri Sgr A* ilə maksimum yaxınlaşan zaman onlarda işıq sürətinə yaxın sürət yaranır ki, bu səbəbdən də onların gələcəkdə bir-birinə qarışmasına qara dəliyin öz oxu ətrafında dövr etməsindən yaranan relyativ effektlər güclü təsir göstərir.
Bu ideyanı əsas götürən astronomlar son illər kəşf edilmiş bu cür qırx səma cismi və digər obyektlərin hərəkət xarakterinin necə dəyişdiyini tədqiq ediblər. Onların hesablamaları göstərir ki, Sgr A* ya dövr etmir, ya da çox zəif hərəkət edir.