“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub - FOTOLAR
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, Naxçıvan Dövlət Universiteti artıq bir neçə ildir, muxtar respublikamızın jurnalist kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə qayğısı nəticəsində universitetdə Media Mərkəzi və Jurnalistika ixtisasının fəaliyyəti üçün yaradılan geniş maddi-texniki baza, eyni zamanda təcrübi imkanlar günün tələblərinə cavab verən jurnalistlərin yetişdirilməsinə şərait yaradır. Bu gün universitetdə təhsil alan tələbə-jurnalistlər Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” qəzeti redaksiyasında təcrübə keçir, bilik və bacarıqlarını artırır.
Hər iki kitabın müəllifi təbrik edən Elbrus İsayev vurğulayıb ki, təqdimatı keçirilən kitablar mövzu-məzmun, forma-metodiki cəhətdən zəngindir. Dövrün aktual mövzularının öz əksini tapdığı kitablar həm dərs vəsaiti kimi tələbələrimizə peşəkar jurnalistikanın qaydalarını mənimsəməkdə, həm də gələcəyin təcrübəli jurnalisti kimi yetişmələri üçün mühüm mənbə rolunu oynayacaqdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikada kütləvi informasiya vasitələri üçün yaradılan müasir şəraitdən danışıb.
“Naxçıvanın publisistik xəritəsi” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Mətanət Məmmədova bildirib ki, muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək sərbəst və müstəqil fəaliyyətləri ilə cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemləri işıqlandırırlar. Göstərilən bu qayğı muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatını əks etdirən yazılarla mətbuatda çıxış etməyimiz və bu yazıların kitab şəklində nəşr olunması ilə nəticələnir. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən tədbirdə Ali Məclisin Sədri cənab Vasif Talıbov “Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib.
“Yaratmaq amalı” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli bildirib ki, bu gün dövlətimiz, xalqımız, cəmiyyətimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi aparır. Bu milli mübarizə isə təkcə döyüş meydanında yox, informasiya meydanında da uğurla davam etdirilir. Yaradılmış yüksək imkan və şəraitdən istifadə edən muxtar respublikanın kütləvi informasiya vasitələri də ordumuzun apardığı Qarabağa böyük qayıdış mübarizəsini, eləcə də Naxçıvan həqiqətlərini yaxından izləyir, istər televiziya, istərsə də qəzetlər, agentliklər, internet resursları, sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya çatdırır. Bu gün biz illərdir blokada şəraitində yaşayan Naxçıvanın müdafiə, ərzaq, enerji və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını daha dərindən dərk edirik.
Sahil Tahirli deyib ki, ötən əsrin 90-cı illərində düşdüyümüz informasiya blokadası tam yarılıb. İndi Naxçıvan həqiqətləri bir neçə dildə bütün dünyaya çatdırılır. Mediamız düşmənin təbliğat maşınını nəzərəçarpacaq dərəcədə üstələyib. Bununla bərabər, istedadlı gənc jurnalistlərin yetişdirilməsinə, yeni kitab və tədris vəsaitlərinin yazılmasına da böyük diqqət göstərilir. Bu gün təqdimatı keçirilən kitablar da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Mətanət Məmmədova və Sahil Tahirli yaradıcı şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək demişdir ki, Azərbaycanın şərəfli tarixinin yazıldığı bir dövrdə hər bir jurnalist əsl vətənpərvər ziyalı kimi müsəlləh əsgər missiyasını şərəflə yerinə yetirməyə çalışmalı, öz cəbhəsində, fəaliyyətində əzmlə mübarizə aparmalıdır. Jurnalistika sahəsində yaradılan şərait muxtar respublikada bu sahəyə göstərilən böyük dövlət qayğısıdır. Təqdimatına toplaşdığımız kitablar isə günümüzün salnaməsinin yazılması baxımından dəyərli vəsaitlərdir.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Qızbəsti Quliyeva çıxış edərək muxtar respublikada gənc jurnalistlərin yetişdirilməsi üçün yaradılan şəraitdən danışmışdır.
Sonra Universitetin Jurnalistika ixtisasının Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilməsi istiqamətində görülən işlər müzakirə olunub, təkliflər verilib, gələcək perspektivlər müəyyənləşdirilmişdir.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hamiliklə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Universitetin Media Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, hamilik proqramı çərçivəsində jurnalistika ixtisasını bitirən 17 gənc Naxçıvan teleradiosunda işə götürülüb. Hazırda isə 3 tələbə müqavilə əsasında televiziya ilə əməkdaşlıq edir. Onlar Media Mərkəzinin də imkanlarından yararlanaraq ilkin praktik vərdişlərə yiyələnirlər. Media Mərkəzinin arxivi Naxçıvan televiziyasının və radiosunun hazırladığı veriliş və filmlərlə müntəzəm olaraq zənginləşdirilir.
“Şərq qapısı”