NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Bölməsində baş tutan konfransda Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbələri iştirak edib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramının təsdiq edildiyini xatırladıb.
Qeyd olunub ki, milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti çox böyükdür. Dünyanın müxtəlif ölkələrinin arxivlərində də tariximizlə, tarixi şəxsiyyətlərimizlə bağlı olduqca çox qiymətli materiallar var.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparılıb. Arxiv materiallarının qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görülüb.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Fəxrəddin Cəfərov “Arxiv sənədləri ilə işləmə qaydalarına dair” və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan tarixi ilə bağlı sənədlər Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində” mövzularında məruzə ilə çıxış ediblər.
Səftər Sadiqov