Naxçıvan Bölməsində “Bir millət iki dövlət: qovuşan mədəniyyət” mövzusunda məruzə dinlənilib

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Rəyasət Heyətinin növbəti iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev bu qurumun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarovu, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazovu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovu və həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanı bir neçə kitabın uğurlu tərcüməsinə görə şəxsi işlərinə yazılmaqla təşəkkür elan edib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Bir millət iki dövlət: qovuşan mədəniyyət” mövzusunda elmi məruzəsi dinlənilib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə açılan “Bir millət-iki dövlət”in “Ümid” körpüsü ölkələrimiz arasında iqtisadi əlaqələrlə yanaşı, həm də mənəvi-tarixi dəyərləri möhkəmləndirib. Qeyd olunub ki, körpü iki qardaş ölkə arasında elm və təhsil mübadiləsinə də böyük vəsilə olub.

Gündəliyə çıxarılan digər məsələ Naxçıvan Bölməsinə hamiliyə verilmiş “Tarix”, “Biologiya”, “Kimya”, “Fizika”, “Tərcümə (Ərəb-Azərbaycan, Fars-Azərbaycan)” ixtisaslarında təhsil alan tələbələrlə praktik tədbirlərin keçirilməsi ilə bağlı olub.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyəti qərar qəbul edib. Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq elmlər doktoru İnara Məhərrəmova sözügedən jurnalının redaksiya heyətinə üzv seçilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: