AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Türkiyənin İzmir şəhərində keçirilən “IV Beynəlxalq tətbiqi sosial elmlər” konqresində Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov iştirak edib.
Dünyanın bir çox ölkələrinin alim və mütəxəssislərin qatıldığı onlayn tədbirdə Toğrul Xəlilov “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzəsində Naxçıvan Muxtar Respublikasının ərazisindəki Son Tunc dövrünə aid olan I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Plovdağ, Qazxan və digər arxeoloji abidələrdən aşkar olunmuş keramika məmulatlarının təyinatı, hazırlanma texnologiyası, forma və xüsusiyyətləri haqqında məlumat verib.
Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb. Sonra Toğrul Xəlilov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.