NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Haqq divanı” və “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” adlı kitablar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.
“Haqq divanı” kitabında 1910-1930-cu illər ədəbi mühitinin unudulmuş nümayəndəsi, istedadlı yazıçı, publisist, mütərcim Ələkbər Qərib Naxçıvanlının bədii, publisistik və ədəbi-tənqidi əsərlərindən, məktublarından, tərcümələrindən, həmçinin onun çevirmələri haqqında resenziyalardan seçmələr toplanmışdır. O illərdə Ə.Qəribin nəşr etdirdiyi kitablardan, bəzi arxivlərdən, eləcə də Bakıda və Tiflisdə çıxmış qəzet və jurnallardan götürülmüş materialların əksəriyyəti həmin vaxtdan sonra ilk dəfə oxuculara təqdim olunur.
“Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” kitabında isə yazıçının şərəfli ömür yolu, bədii yaradıcılığı, ədəbi-tənqidi və publisistik irsi, tərcüməçilik və naşirlik fəaliyyəti araşdırılıb. Tədqiqat əsəri ciddi elmi axtarışların, böyük zəhmətin məhsulu olmaqla unudulmuş tarixi və ədəbi irsimizə ən layiqli töhfədir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunan hər iki tədqiqat əsəri gənc alimlər və tədqiqatçılar üçün mühüm mənbə olmaqla yanaşı, yeni əsərlərin yaranmasına səbəb olacaqdır.
Qeyd edək ki, sağlığında Ələkbər Qərib Naxçıvalı ilə bağlı mətbuatda onlarla məqaləsi çap olunan və onu elmi ictimaiyyətə təqdim edən Hüseyn Həşimlinin ən böyük arzusu onun haqqında monoqrafiyanın və əsərlərinin işıq üzü görməsi idi.