Bu il bütün dünya üçün o qədər də yaxşı olmayan hadisələrlə başladı. Pandemiya, siyasi oyunlar, müharibələr… Ancaq Azərbaycan üçün unudulmaz olduğuna, ən xoş xəbərlərlə bitəcəyinə hamımız əminik. 27 sentyabr... Bu tarix Azərbaycan xalqının müqəddəs amala yetdiyi gündür. Böyük qayıdışın başlandığı tarixdir. Bundan sonra hər il böyük qürurla qeyd ediləcək gündür. 27 il sonra Qarabağa atılan addım səslərinin duyulduğu ilk andır.
18 oktyabr 2020-ci il… Müstəqil Azərbaycanımızın 29 yaşı tamam oldu. Xalqım onun üçün xüsusi olan bu günü daha fərqli qeyd etdi. Ali Baş Komandan və rəşadətli ordumuz Azərbaycanın 29-cu yaşına Xudafərin körpüsünü yenidən bəxş etdi. Xudafərində Azərbaycan bayrağı dalğalandırıldı. 2016-ci ildə tarix Aprel zəfərinə şahidlik etmişdi. Bu zəfərdən dörd il ötür. Bu qələbə bizim üçün gələcəyə, nə zamansa düşmən tapdağında olan torpaqlarımıza qovuşacağımız ümidini yaratmışdı. 2017-ci ildə baş tutan Günnüt zəfəri kimi uğurlu əməliyyatlar, əslində Qarabağa gedən böyük qələbənin addım səsləri idi.
Mən xalqımın ən böyük qələbəsinə, çətin zamanda yumruq kimi birləşməsinə, türk qardaşlığının bir-birinə bitməz-tükənməz sevgisinə şahidəm. Mən evimdə rahat yaşayarkən, təhsil alarkən cəbhədə məni tanımayan, varlığımdan xəbəri olmayan igid bir əsgərin mənim üçün, bizim üçün, ən əsası Vətənimiz üçün necə canından keçməyə hazır olduğuna şahidəm. Mən 27 ildir ki, Kəlbəcərin həsrəti ilə yanan ananın oğlunu Kəlbəcəri azad etməsinə yolladığına, yurd-yuvasından didərgin düşərkən nə zamansa geri qayıdacağı ümidi ilə yanında götürdüyü evinin açarlarını oğluna verdiyinə şahidəm. Mən Lələtəpəyə bayraq sancmış kəndlimiz Zülfü Rzayevin Vətən uğrunda qəhrəmancasına şəhid olmasına şahidəm. Şəhid anasının “Təki Vətən sağ olsun!” dediyinə şahidəm. Mən Qarabağımızın işğaldan azad edilməsinə şahidəm. 19 yaşı olmasına baxmayaraq, düşmən generalını məhv edib qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin igidliyinə şahidəm. Mən Ali Baş Komandanın hər yeni çıxışında azad edilmiş torpaqlarımızın adlarını necə qürurla, sevinclə dediyinə şahidəm. Xalqımın ordusunu, rəhbərini necə dəstəklədiyinə şahidəm. Mən canlı tarixin şahidiyəm və bununla qürur duyuram...
Mənim balaca yurdum, ucqar dağ qoynunda olan kəndim–Şahbuz rayon Külüs kəndi də Qarabağ uğrunda döyüşlərdə şərəflə iştirak edir. Bu müddət ərzində kəndimizdə doğulub boya-başa çatmış gənc oğullarımız döyüş bölgəsində bu gün də düşmənə layiqli cavablar verirlər. Məktəbdə oxuyan zaman tək arzusu düşməni məhv edib qəhrəman olmaq istəyən igid bir oğlumuz bu gün arzusunu yerinə yetirir.
Balaca yurdum Vətənə saysız qəhrəmanlar verdi. Qarabağ üçün candan keçilər, Qarabağdan keçilməz... Bunu qəhrəmancasına şəhid olanlar da, digərləri də çox yaxşı bilir. Addımladıqları şərəfli yolun nələr qazandıracağını biz də yaxşı bilirdik. Bu gün onlar bizə örnəkdir. 6-cı sinif şagirdi, balaca, hətta ən dəcəl şagird kimi bilinən İsa adlı oğlan şəhidlərimizin məzarı üzərində dalğalanan bayrağı görüb məktəbdə “Mən də onlar kimi olacağam” deyir. Kim bilə bilər, bəlkə beş qəhrəmanımız da balaca vaxtı dəcəl olmuşdu? Bəlkə İsa da, digər balaca dəcəllər də gələcəkdə qəhrəman olacaq. İndi İsanın ən böyük arzusu İsa bulağını görmək, Xarıbülbülü qoxlamaqdır. Bu xalq, bu millət kiçiyindən böyüyünə qəhrəmandır. Tarix boyu belə olub, belə də davam edəcək.
30 illik həsrətimiz sona yetir. Tarixən qorxaq, satqın, mənfur olmuş ermənilər bu gün öz xislətlərinə davam edirlər. Şanlı ordumuz onları döyüş bölgəsində susdurarkən, onlar eynilə 28 il əvvəl etdikləri kimi əli yalın mülki əhaliyə hücum edirlər. Tərtər, Gəncə, Bərdə şəhərlərinə atdıqları raketlər neçə insanın həyatını itirməyinə səbəb oldu. Səhəri gün 15 yaşını qeyd edəcək Nigar dünyasını dəyişdi. Həmin gecə bəlkə də, sevinclə sabah üfürəcəyi 15 ədəd şamı, göy, qırmızı, yaşıl rəngdə bişirilmiş tortunu düşünüb yuxuya getmişdi. Türk milləti hər daim əyilməz və yenilməz olubdur. Öz dövlətçilik prinsiplərini də haqq yolunda qurublar. Hər zaman ədalətin arxasında olublar.
Vətən… Ən ali duyğuları özündə ehtiva edir. Torpaq, hava, su, gül-çiçək, dağ-təpə, uğrunda ölməyə dəyər hər şey Vətəndir! Vətən anadır! Şəhid anasıdır! Artıq Qarabağın düşmən tapdağından tamamilə azad olunmasına çox az qalıb. Bu gün hər bir Azərbaycan vətəndaşı öz soydaşları, qardaşları ilə fəxr edir. Əvvəl hər birimiz gələcəyə, bu günü görməyə ümidli idik. İndi isə ümiddən çox qətiyyətliyik. Bilirik ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz addım-addım zəfərə yaxınlaşır. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda dalğalanan üçrəngli bayraq Kəlbəcərdə, Laçında, Şuşada dalğalanmaq üçün səbirsizlənir. Qələbə sorağı yaxındır, Azərbaycan! 9 noyabrda Azərbaycanın, Qarabağın hər güşəsində üçrəngli Azərbaycan bayrağının dalğalandırılması qətiyyəti ilə daha böyük zəfərlərə!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
Aytəkin Abbaslı
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi