Bu gün Azərbaycan xalqı öz şanlı tarixində yeni bir səhifə açıb. Bu səhifədə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yeni tarix yazır. Həm də təkcə səngərdə düşmənlə mübarizə apararaq deyil, bütün siyasi təzyiqlərə də sinə gərərək yazılır bu tarix. Hər gün eşitdiyimiz qələbə sevinci ilə qəlbimizdəki vətən həsrətindən qaysaq qoymuş yaralarımız sağalır. İyirmi səkkiz ildir vətən deyib ağlayan gözlərdə bu gün qələbə sevinci görülür. Bu gün Azərbaycan ordusu illərdir beynəlxalq təşkilatların bərpa edə bilmədiyi ədaləti səngərdə bərpa edir. İşğaldan azad olunan hər bir kəndimiz, hər bir şəhərimizlə bərabər illərdir tapdalanan qürurumuzu bizə qaytarır şanlı ordumuz. Düşmənin Qarabağda körpə uşaqların ah-naləsi, qız-gəlinin toxunulmuş qeyrəti, işgəncələrlə öldürülən igid oğullarımızın torpağa tökülən qanı üzərində qurmaq istədikləri qondarma rejimin barrikadalarını dağıdan ordumuz dünyaya ədalət dərsi verir. Otuz il bundan əvvəl yurdlarından didərgin düşmüş şəxlər bu gün vətənə qayıdışın sevincini yaşayır. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək dünyaya birlik nümayiş etdirir. Otuz ildir Xocalının, Qarabağın səsini duymayan, zülmünü görüb də susan dünyaya xalq və ordu birliyinin gücünü sübut edir Azərbaycan xalqı.
Payız fəslində olsaq da, cəbhədən aldığımız qələbə xəbərləri ilə azadlığımızın baharını yaşayırıq. Əsən küləklər sanki Qarabağda açan azadlıq çiçəklərinin ətrini gətirir. Ordumuzun uğurlarını görən ana təbiətdə sevinc göz yaşlarını yağış damlaları ilə yerə endirir. İslanan torpaqdan da qələbə iyi gəlir.
Təkcə Qarabağda doğulub böyüyənlər deyil, o tarixi Azərbaycan torpaqlarına heç ayaq basmayan hər bir Azərbaycan vətəndaşı həsrətin sona çatdığı o müqəddəs yerlərə getməyə, üzünü vətən torpağına sürtməyə can atır. Bu müqəddəs hissləri bizə yaşadan Ali baş komandanımıza və ordumuza sonsuz təşəkkür edirik. Vətənimizin azadlığı uğrunda döyüşən əsgərlərimizin önündə ehtiramla baş əyirik. İnanırıq ki, bu gün Zəngilanda, Füzulidə, Hadrutda, Cəbrayılda, Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağı tezliklə başda Şuşa olmaqla, bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq! Çünki Qarabağ Azərbaycandır!
İlahə Allahverdiyeva
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi