Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu gün gələcəyimiz olan yeniyetmələrin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biridir. Məktəbi bitirib müstəqil həyata, öz taleyini müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyan hər bir yeniyetmənin fəal və cəsarətli olmaq, əldə etdiyi bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq hədəfidir. Bunun üçün hər bir məktəbi bitirən gənc seçəcəyi peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalıdır.
Bu gün muxtar respublikada bu həqiqətdir ki, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir, savadlı və müasir düşüncəli gəncliyin yetişməsi əsas hədəf seçilir. Hər il yeni məktəb binaları tikilir, müasir standartlara cavab verən avadanlıqlarla zənginləşdirilir, məktəblərin infrastrukturu yenilənir. Bütün bunlar isə imkan verir ki, muxtar respublikada təhsilalanlar və təhsilverənlər rahat şəkildə öz bilik və bacarıqlarını inkişaf etdirsin. Son illər muxtar respublikada həyata keçirilən uğurlu təhsil siyasəti hər il ali məktəblərə qəbul imtahanlarında məktəblilərimizin ildən-ilə artan uğurlarında da özünü büruzə verir. Sevindirici haldır ki, bu il də Naxçıvan məktəbliləri qəbul imtahanlarındakı öz yüksək nəticələri ilə muxtar respublikamızın adını birinci sıralarda saxlayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 2020/2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələr Prezident təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, bu il muxtar respublika məzunlarından 4-ü-Hüseynquliyev İlham Əlövsət oğlu, Həsənov Nəriman Pərviz oğlu, Bağırov Siyavuş Mehdi oğlu və Sayılov Allahverdi Pənah oğlu Prezident təqaüdünə layiq görülən tələbələr sırasındadır.
Hər dəfə yüksək biliyə malik, istedadlı gənclərlə rastlaşanda onları yaxından tanımaq, bundan sonrakı uğurlarını izləmək arzusu oyanır qəlbimdə. Demək olar ki, bugün tanıtmaq istədiyim bu 4 gənci sizlər artıq bu günə kimi əldə etdikləri təhsil uğurları ilə tanıyırsız. Onları öz həmyaşıdlarından fərqləndirən başlıca xüsusiyyətləri yüksək bilik və bacarığa sahib olmalarıdır. Bəlkə də bu gənclərin ağıllarına belə gəlməzdi ki, bir gün hamı onlardan qürur hissi ilə danışacaq, böyüyüb boya-başa çatdığı ailəsinin, məktəbinin fəxrinə çevriləcək. 2003-cü il oktyabrın 11-də Ukraynanın Kiyev şəhərində anadan olan Hüseynquliyev İlham Əlövsət oğlu I-VI sinif təhsilini Kiyev şəhərində, VII və VIII sinif təhsilini Türkiyə Respublikasının İzmir şəhərində, 2017-ci ildən isə təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. Oxuduğu illər ərzində məktəbin yüksək təlim göstəriciləri ilə fərqlənən şagirdlərindən biri olan İlham Hüseynquliyev hələ kiçik yaşlarından dəqiq elmlərə maraq göstərmiş, öz fəallığı, biliyi ilə hər zaman seçilmiş, yüksək tədris nailiyyətləri və nümunəvi davranışı ilə fərqləndiyinə görə dəfələrlə məktəb direktoru tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir. İlham 2019-2020-ci tədris ilində keçirilən sınaq imtahanlarında 600-700 arası nəticə göstərmiş, eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin keçirdiyi məktəblərarası “Nə? Harada? Nə zaman?” intellektual oyununda iki dəfə komanda ilə iştirak edərək I və II yerə layiq görülmüşdür. O, 2018-2019-cu tədris ilində muxtar respublika fənn olimpiadasında Fizika fənni üzrə I, 2019-2020-ci tədris ilində isə eyni fənn üzrə II yeri qazanmışdır. İlham, həmçinin rus və ingilis dillərində də səlis danışa bilir. O sadəcə bilik yarışlarında məharətli deyil. Musiqiyə, incəsənətə böyük marağı olan zəkalı məktəblimizin Origami (kağızla qatlama) sənəti üzrə Naxçıvanda, Türkiyədə və Kiyevdə sərgiləri olmuşdur. İlham Hüseynquliyevi buraxılış imtahanlarında “Ölkə birincisi” uğuru ilə tanısaq da, bu gün onu öz biliyinə görə seçilən tələbələr arasında Prezident təqaüdünə layiq görülənlər sırasında olması ilə tanıyaq.
Heydər Əliyev adına tam orta məktəbi qızıl nişanla başa vuran İlham Hüseynquliyev 692 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub. “Prezident” təqaüdünə layiq görülən və ali məktəblərə qəbul səviyyəsinə görə muxtar respublika birincisi olan İlham deyir ki, seçdiyim ixtisasda təhsil almaq ən böyük arzum olub. Bir vaxtlar xəyalını qurduğu, arzuladığı ali məktəbə, seçdiyi ixtisasa qəbul olunan gənc tələbəlik həyatından ağızdolusu danışır: “Bu peşəni sevərək seçmişəm və qarşıma məqsəd qoymuşam ki, bu sahədə gələcəkdə yeni ixtiralarımla ölkəmin adını beynəlxalq səviyyədə tanıdam. Mən çox şanslıyam ki, məhz Bakı Ali Neft Məktəbinin tələbəsiyəm”.
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Prezident” təqaüdünə layiq görülən, gələcəyin həkimi Həsənov Nəriman Pərviz oğlu 2003-cü il fevralın 27-də Ordubad rayonunda anadan olub. 2009-cu il Ordubad rayonu Nüsnüs kənd tam orta məktəbinə daxil olub, 2020-ci ildə həmin məktəbi qızıl nişanla başa vurub. Oxuduğu illərdə istər məktəb daxili, istərsə də məktəblərarası bilik yarışlarında fəal iştirakı ilə seçilən, keçirilən sınaq imtahanlarında hər zaman yüksək nəticələr əldə edən Nəriman dəfələrlə iştirak etdiyi muxtar respublika fənn olimpiadalarında biologiya fənni üzrə bütün mərhələlərdən birinciliklə ayrılıb. İstedadlı yeniyetmə həmçinin 2019-cu ildə keçirilən məktəblərarası “Xəmsə” yarışmasında da iştirak etdiyi komanda ilə birlikdə I yeri qazanıb və birinciliklə ayrılıbdır. 2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadasında biologiya fənni üzrə yarımfinal və final turlarında I yerin qalibi olaraq qızıl nişana layiq görülübdür.
Keçirilən buraxılış və qəbul imtahanlarında ümumilikdə 672 balla muxtar respublika ikincisi, IV ixtisas qrupu üzrə qəbula görə isə muxtar respublika birincisi olan Nəriman Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub. Nəriman deyir ki, bu il yaranmış ağır vəziyyətdə bizim hərtərəfli təhsil almağımız, sağlam bir vətəndaş kimi yetişməyimiz üçün göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Gələcək həyatımda daha böyük uğurlar qazanaraq həmişə fəxr ediləcək bir vətəndaş olacağına söz verən gənc deyir ki, qarşıdakı hədəfim Azərbaycan Tibb Universitetini birinciliklə bitirib tanınmış həkim olmaqdır: “Hədəfim yüksək nəticə əldə edərək Prezident təqaüdçüsü olmaq idi. Sevinirəm ki, çoxları üçün əlçatmaz olan bu arzuma çatdım. Bu xoş hadisəni həyatımın uğurlu başlanğıcı kimi qəbul edirəm. Bu qədər gəncin içindən seçilmək, tanınmaq və əldə etdiyim uğurun dövlət başçısı İlham Əliyev tərəfindən qiymətləndirilməsi mənim üçün ən böyük mükafatdır”.
Siz onu əldə etdiyi bir çox təhsil uğurları ilə tanıyırsız. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 iyun 2019-cu il Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adı salınaraq Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş şagird kimi, məktəbi qızıl nişanla başa vuran məzun kimi və seçdiyi ixtisas qrupu üzrə ən yüksək nəticəsinə görə “Prezident” təqaüdünə layiq görülmüş tələbə kimi. Bəli, söhbət 2019-2020-ci tədris ilində öz bilik və bacarığı ilə seçilən məzun Siyavuş Bağırovdan gedir. Bağırov Siyavuş Mehdi oğlu 2003-cü il avqustun 23-də Naxçıvan şəhərində anadan olub. 2009-cu il Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin I sinfinə daxil olub, 2020-ci il həmin məktəbi qızıl nişanla başa vurub. Siyavuş hələ kiçik yaşlarından iştirak etdiyi bütün bilik yarışlarında, dəfələrlə məktəblilərin fənn olimpiadalarında müvafiq yerlər tutmuş, eləcə də keçirilən bir sıra məktəblilər arası intellekt oyunlarda komanda kapitanı olaraq öz biliyi və hazırcavablılığı ilə seçilərək təmsil etdiyi komandanı qalib etmişdir.
O, ilk dəfə VIII sinifdə oxuyarkən olimpiadaya qatılmış, riyaziyyat fənnindən I yerə layiq görülmüş, X-XI siniflərdə muxtar respublika fənn olimpiadasında tarix fənni üzrə iki dəfə I, Respublika fənn olimpiadasında isə tarix fənni üzrə ilk dəfə gümüş, ikinci dəfə isə qızıl medal qazanıbdır. “Xəmsə” və “Nuh Yurdu” intellektual oyunlarında dəfələrlə iştirak etmiş, məktəb kollektivi ilə iki dəfə Muxtar Respublika Çempionu, bir neçə dəfə isə Şəhər Çempionu olubdur. 3 il davamlı olaraq muxtar respublikanı Bakıda “Xəmsə” yarışı üzrə təmsil edən və iştirak etdiyi komanda ilə 2019-cu ilin dekabr ayında Azərbaycandakı 100-dən çox komanda arasında “İlin Ən Yaxşı Klubu” adına layiq görülən gənc istedadlı muxtar respublikada yeniyetmələr arasında ilk dəfə keçirilən “Breyn-Rinq” intellektual oyununda I yerə çıxaraq Muxtar Respublika Çempionu adını alıbdır. İlk dəfə öz sinif yoldaşı Araz Qulusoyla birlikdə “Sabahın alimləri” IX Respublika müsabiqəsində muxtar respublikanı təmsil edib, hazırladıqları layihə Elmi Ekspertiza Komitəsi tərəfindən III yerə layiq görülübdür. Şahmata böyük maraq göstərən Siyavuş bu sahədə də uğurları ilə seçilib, 2014-cü il may ayında ümummilli lider Heydər Əliyevin 91 illik xatirəsinə həsr olunmuş “Naxçıvan Open” şahmat festivalında iştirak edib, ikinci yerə layiq görülübdür.
Məktəbi qızıl nişanla başa vuran Siyavuş III ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanında 665 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına (tədrisi İngilis dili üzrə) qəbul olub. “Prezident” təqaüdünə layiq görülən istedadlı tələbə deyir ki, gələcəkdə hakim olmaq, ədaləti təmsil etmək və Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq istəyirəm.
Digər qəhrəmanımız Sayılov Allahverdi Pənah oğlu 2003-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə 2009-cu ildə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə başlasa da, 2014-cü ildən Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. 2020-ci ildə həmin məktəbi qızıl nişanla başa vuran Allahverdi Sayılov qəbul imtahanlarında 662 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olub. Təhsil aldığı məktəbdə öz fəallığı və təlim-tərbiyəsi ilə seçilib, keçirilən bilik yarışlarında qalib olubdur. Allahverdi VIII sinifdə oxuyarkən, 2016-cı ildə təhsildə qazandığı uğurlara görə məktəb direktorunun fəxri fərmanı ilə təltif edilib. 2017-ci ildə Heydər Əliyev adına tam orta məktəbin VIII sinifləri arasında “Coğrafiya” fənnindən keçirilmiş bilik yarışmasında I yerə, 2018-ci il Heydər Əliyev adına tam orta məktəbdə keçirilən bilik yarışında “Turan” komandasının üzvü kimi I yerə, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə yeniyetmələr arasında keçirilən yarışlarda - “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda “Qələbə” komandasının üzvü kimi I yerə, “Poliqon” Strateji İntellekt Oyununda “Tərəqqi” komandasının üzvü kimi II yerə, “Xəmsə” Milli İntellektual Oyununda isə “Aksent” komandasının üzvü kimi I yerə layiq görülübdür.
Seçdiyi ixtisas üzrə muxtar respublika ikincisi olan və “Prezident” təqaüdünə layiq görülən Allahverdi Sayılov: “Təhsil aldığım müddətdə hər zaman biliyimə görə seçilən şagird olmuşam. Müəllimlərim də yüksək biliyə malik olub. Oxuduğum məktəbin direktorunun bizə qarşı tələbkarlığı, eyni zamanda, biz şagirdlərin potensialını vaxtında görüb düzgün istiqamətləndirməsi sonda uğurlu nəticələr əldə etməyimizə imkan verdi. Heydər Əliyev adına tam orta məktəbin təkcə builki buraxılışının 11 məzunu 500-dən yuxarı bal toplayıb. Oxuduğum təhsil ocağının müəllimlərinin üzərimdə çəkdiyi əziyyətini danmaq haqsızlıq olar”, - deyir.
Elə məhz muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitin, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulmasının, təhsil müəssisəsində əlverişli təlim mühitinin yaradılmasının nəticəsi olaraq bu ilki ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq ən böyük arzularına çatan gənclərin bu gün ölkəmizin nüfuzlu məktəblərində təhsil alması və bunların nəticəsində həmin gənclərin hələ məktəbdə oxuyarkən qazandıqları uğurlar elə onların gələcək yollarındakı uğurlarından xəbər verir. Bəli, bu gün bu gənclərin çevrəsi, onları yaxından tanıyanlar onlarla fəxr edirlər. Müsahiblərim isə bu qürur və fəxarət hissinin daha başqa hədəflərə çatmaqla davamlı olmasını qarşılarına məqsəd qoyublar.
Öz əzmkarlığı ilə seçilən hər bir şagird özünə qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan olmalıdır. Naxçıvan belə yetirmələri ilə hər zaman qürur duyur və çox sevindirici haldır ki, bizim belə savadlı gənclərimizin sayı ildən-ilə artır.
Yeniyetmələrin düzgün yola istiqamətləndirilməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərilməsi muxtar respublikamızın sürətli inkişafına çox böyük təsir göstərir. Çünki muxtar respublikanın parlaq gələcəyini qurmaq məhz savadlı və bilikli, məktəb təməli möhkəm qurulan gəncliyin üzərinə düşür. Bu gün muxtar respublikada böyüməkdə olan savadlı, cəsur və vətənpərvər yeniyetmələr daha gözəl bir gələcəyə doğru parlaq addımlarla irəliləyir.
Unutmamalıyıq ki, bugünkü gənclər sabahın qurucularıdır. Azərbaycanın gəncliyi, Azərbaycanın gələcəyidir.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi