Azərbaycan-Türkiyə birliyi elmi müstəvidə

A- A A+

“Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Son illər iki dost və qardaş ölkə Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri yüksək mərhələyə qədəm qoyubdur. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında, eləcə də bir çox beynəlxalq təşkilatlarda daima bir-birinə dəstək verən hər iki dövlət böyük türk millətinin milli birliyinin sarsılmazlığının təcəssümüdür. Uzun illərdir erməni təcavüzünə məruz qalan və 20 faiz torpaqları erməni qəsbkarları tərəfindən  işğal edilən Azərbaycanın bu haqlı savaşında hər zaman Azərbaycanın yanında olan və öz mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti bütün sferalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürməklə bütün səmimiyyəti ilə Azərbaycanın yanında olduğunu açıq-aydın bəyan etməkdədir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın ən yüksək kürsülərdən Azərbaycana hər cür dəstəyini dəfələrlə açıq şəkildə bəyan etməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu ifadə etməsi bu gün Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməkdədir. Hər iki ölkənin dövlət və hökumət başçılarının bir-birinə siyasi, iqtisadi və mənəvi dəstəyinin güclənməsi elm, təhsil, mədəniyyət və digər sahələr üzrə də qarşılıqlı əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Bu gün ölkələrimiz arasında müxtəlif sferalarda rəsmi və qeyri-rəsmi münasibətlərin yüksək səviyyəyə qalxması Türkiyə–Azərbaycan dostluğuna dünyada təkrarolunmaz yeganə nümunədir. Söz yox ki, hər iki ölkə arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İmzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki,Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Bu gün Türkiyədə keçirilən bir çox toplantılarda Azərbaycanın öz ata-baba yurdları Qarabağ uğrunda mübarizəsinə verilən dəstəyin eyni şəkildə elmi müstəvidə münasibətin ifadəsi bu əməkdaşlığın daha yüksək səviyyədə olduğunu aydın şəkildə göstərməkdədir.

Bu il  21-23 oktyabr tarixləri arasında Ankarada keçirilən Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ildönümünə həsr olunmuş “XII Beynəlxalq Dünya Dili Türkcə” Simpoziumu Ankara Gazi Universiteti Rektorluğunun rəhbərliyi ilə universitetin Türk Təhsili Bölümü, Türk Dili və Ədəbiyyatı Təhsili Bölümü və Təhsil Elmləri İnstitutu fakültələrinin iştirakı ilə bu simpoziuma ev sahibliyi etdi.

Hər il ənənəvi olaraq Türkiyənin müxtəlif universitetlərində mütəmadi olaraq keçirilən bu simpoziumda Azərbaycan, Albaniya, Qazaxıstan, Rusiya, Ukrayna, Moldova, Makedoniya, Kosova, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan  və başqa ölkələrdən böyük miqyasda tanınmış dilçi alimlər iştirak edir.

Prof. Dr. Abdurrahman Güzel və prof. Şükrü Haluk Akalın tərəfindən hazırlanan bu simpozium ilk dəfə 2008-ci il 20-21 noyabr tarixində Başkent Universitetində, Başkent Universiteti Rektorluğu və Atatürk Kültür, Dil və Tarix, Türk Dili Qurumunun dəstəyi ilə keçirilibdir. İlk dəfə “Ömer Faik Nemanzade’nin Ortak Türk Dil Politikası” adlı məqaləmlə qatıldığım bu simpoziumda elə ilk gündən Türkiyədə Azərbaycana böyük sevginin şahidi oldum. Bu simpoziumda əslən Qərbi Azərbaycandan olan erməni dilinin mükəmməl bilicisi Qafar Mehdiyev Çaxmaqlının “Türkçenin Ermeni Diline Etkisi ve Çağdaş Ermeni Dilinde Kullanılan Türk Kelimeleri” adlı məruzəsi böyük alqışlarla qarşılandı.

2008-ci ildən başlayaraq hər il davamlı olaraq iştirak etdiyim “Dünya Dili Türkçe” Beynəlxalq Simpoziumun XII bu il 21-23 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada Gazi Universitetində keçirildi. Pandemiya səbəbindən elektron ortamda keçirilən bu simpozium TBMM-nin açılışının 100 illiyinə həsr olunsa da, Azərbaycanda-Qarabağda gedən döyüşlər bu konfransın istiqamətini bütövlükdə Azərbaycana – Qarabağa yönəltmiş oldu.

 Simpoziumu təşkil edən Ankara Gazi Universitetinin bütün əməkdaşları, eləcə də öz müxtəlif məzmunlu elmi məqalələri ilə simpoziumda iştirak edən qardaş Türkiyənin tanınmış ziyalıları Azərbaycana böyük bir sevgi nümayiş etdirərək Azərbaycan dövlətinin yanında olduğunu nümayiş etdirdilər. Qazi Universitetinin professoru İhsan Kalenderoğlunun rəhbərlik etdiyi simpoziumun təşkilat komitəsi tərəfindən iclas salonlarının adları bütünlüklə Azərbaycanın şəhərlərinin adı ilə ayrı-ayrılıqda “AZƏRBAYCAN”, “QARABAĞ” “BAKI”, “NAXÇIVAN”, “GƏNCƏ”, “XOCALI” adlandırılması mənim kimi, Azərbaycan vətəndaşı olaraq simpoziuma qatılan hər bir Azərbaycan ziyalısında böyük qürur hissi oyatdı.

Azərbaycan, İran, İraq, Avropa, Balkan ölkələri, Albaniya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Moldova, Makedoniya və digər ölkələrdən 250-dən çox dilci alimin qatıldığı bu konfransda Azərbaycan alimləri sayca daha böyük üstünlüyə sahib idi.

Öz çıxışımda “Onomastik vahidlərin öyrənilməsində tarixi dialektizimlərin rolu” adlı elmi məruzəmdə bu gün Ermənistanda və işğal olunmuş digər tarixi ərazilərimizdə onomastik vahidlərin tədqiqinin tarixi dialektoloji istiqamətdə öyrənilməsinin vacibliyini vurğulayaraq, zəngin tarixi-elmi qaynaqlara istinad edərək qədim türk mənşəli Qırxbulaq, Yelqovan, Çatqırani, Böyük Xas kəndi, Başdəm, Hacıməkə, Korlavənk, Dərəbəy (əhalisi Dünbüllü nəslindəndir), Çaltəpə, Ağnadərə, Suvarbənd, Həlimxan, Qoçubəy,  Məzrə, Çətən, Çərənli, Kəltəpə, Çardaqlı, Gödək Bazuvənd, Çərçəçi, Yelqovan, Hənəktala, Qarabağ nahiyəsində Səng Qıvraq, Tutiyə Çatqıran, Qutqut kimi bir çox toponimlərimizin ermənilər tərəfindən soyqırıma məruz qalması haqqında simpozium iştirakçılarına məlumat verdim.

AMEA Naxçıvan bölməsinin əməkdaşı gənc tədqiqatçı Sahab Əliyevanın “Naxçıvan elmi mühitində Güney Azərbaycan üzrə ümumtürkoloji müstəvidə aparılan dil araşdırmaları” adlı məqaləsi də simpozium iştirakçılarında çox böyük maraq oyatdı. Sahab Əliyeva da bu araşdırmasında qədim türk mənşəli toponimlərin tədqiqi məsələlərinə geniş yer verərək Azərbaycanın soyqırıma məruz qalmış və gizlədilmiş tarixinin səhifələrinə aydınlıq gətirmiş oldu.

Simpoziumda Türkiyə ziyalılarının çıxışlarında birmənalı olaraq Qarabağa, Xocalı soyqırımına geniş yer verilməsi, Azərbaycanın haqq uğrunda mübarizəsinin çox yüksək səviyyədə dəstəklənməsi çox qürurverici bir an kimi tarixin səhifələrində yazılan “bir millət, iki dövlət” ifadəsinin sadəcə bir şüar olmadığının, bu şüarın əməli göstəricisi  idi.

Ankara Gazi Universiteti rektorluğunun rəhbərliyi ilə TBMM-nin açılışının 100 illiyinə həsr olunmuş “XII Beynəlxalq Dünya Dili Türkcə” Beynəlxalq elmi simpoziumun sonunda simpoziumun təşkilat komitəsinin sədri prof. İhsan Kalenderoğlu, prof. Leyla Karahan, prof. Ahmet Buran, prof. Hatice Şahin, prof. İlhan Erdem və prof. Serkan Şen öz çıxışlarına Azərbaycana – Qarabağa dəstəklə başladılar. Prof. Leyla Karahan ən səmimi kövrək duyğularla Azərbaycan dilində bir şeir parçasıyla Azərbaycana öz sevgisini və dəstəyini ifadə edərək bu simpoziumun yaxın bir zamanda Qarabağda-Şuşada keçirilməsi arzusunu dilə gətirdi.  Bağlanış iclasında öz duyğularını saxlamaqda çətinlik çəkən prof. Ahmet Buran hələ tələbəlik illərində Azərbaycana olan sevgi və həsrətini ifadə edən “Araz” şeiri ilə başlayaraq, müzəffər Azərbaycan Ordusunun qələbəsini böyük sevinclə dilə gətirərək, Vətən uğrunda şəhid olanlara da başsağlığı dilədi. Azərbaycana sevgisini “Can Azərbaycan” ifadəsi ilə başlayan prof. Hatice Şahin ürəkdən gələn səmimi ifadələri ilə eyni duyğularla Qarabağ savaşında Azərbaycan ordusunun qəhrəman əsgərlərinə bu şərəfli yolda uğurlar arzulayaraq, Azərbaycana böyük sevgi və dəstəyini bildirdi.

“Dünya Dili Türkçe” Beynəlxalq Simpoziumunun ənənəvi olaraq hər il Türkiyənin müxtəlif şəhərlərində bir universitetdə keçirilməsi nəzərdə tutulur. Görünür, bu gün TBMM-nin açılışının 100 illiyinə həsr olunmuş bu konfransın bəlkə də Azərbaycanın yeni tarixinin yazıldığı belə bir məqamla üst-üstə düşməsi də təsadüfi deyil. Simpoziumda Türkiyə ziyalılarının bir ordu kimi Qarabağda Vətən, haqq uğrunda gedən müqəddəs savaşa dəstək ifadəsi də Azərbaycan və Türkiyənin taleyinə yazılan ortaq şərəfli bir tarixin unudulmayacaq səhifələrindən birinə çevriləcək. Simpozium elektron ortamda keçirilsə də, vətən sevgisinin, torpaq, yurd həsrətinin ifadəsini azalda bilmədi. 

Hər iki ölkədə şüara çevrilmiş “Bir millət, iki dövlət” ifadəsinin gerçək nümunəsi olan XII Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu Azərbaycan və Türkiyənin timsalında dünyaya böyük TÜRK millətinin milli birliyinin sarsılmaz ifadəsi kimi çatdırıldı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın haqq səsini elmi müstəvidə beynəlxalq aləmə çatdırmağa çalışan Türkiyə ziyalılarının bu addımları Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin ən uğurlu ifadəsi olmaqla, bu münasibət və əlaqələr türkdilli ölkələr arasındakı münasibətlərin də yeni istiqamətdə inkişafına bir töhfədir. 

Qalibə Hacıyeva

Naxçıvan Dövlət Universitetinin fiologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: