“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib - FOTOLAR
Bu barədə universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə xəbər verilib. Bildirilib ki, universitet şəhərciyində, açıq havada keçirilən “Qarabağ Azərbaycandır!” adlı tədbir başlamazdan əvvəl Dövlət Himnimiz səsləndirilib və səhnəyə şanlı üçrəngli bayrağımız gətirilib.
Ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qeyd edib ki, üçrəngli, aypara və səkkizgüşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanıb. Yalnız 70 il sonra 1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilib.
Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Naxçıvan şəhərində də Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Bu gün Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal olunmuş tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı orada dalğalandırır.
Tədbirin bədii hissəsində tələbələr bayrağımıza həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar səsləndiriblər.
Daha sonra səmaya üzərində Azərbaycan və Türkiyə bayraqları olan hava şarları buraxılıb.
Seyfur Hacımuradov