“Maliyyəçi” jurnalının təqdimatı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnal Maliyyə Nazirliyinin yaradılmasının 100 illik yubileyinə töhfə olaraq hazırlanıb.
Nazirliyin strukturunda fəaliyyət göstərən şöbə, idarə müdirləri və digər əməkdaşların iştirakı ilə baş tutan təqdimat mərasimində Maliyyə Tədris Mərkəzinin direktoru jurnal haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, jurnalın çap olunmasında məqsəd əsas oxucu kütləsi hesab edilən müxtəlif təşkilatların maliyyə və mühasibat işçilərini bu sahədə olan yeniliklərlə və Maliyyə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış etmək, onlarla sıx əlaqələr yaradaraq əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Həm elmi, həm praktiki, həm də əyləncə xarakterli rubrikaların yer aldığı jurnal rüblük olaraq dərc edilir. Dörd bölmədən ibarət olan jurnalın elmi-praktiki bölməsində maliyyə və mühasibat sahəsi ilə bağlı elmi məqalələrin dərc edilməsi, Maliyyə Tədris Mərkəzində rüb ərzində keçirilmiş təlimlər, bu təlimləri əks etdirən fotoşəkillər, nəşr olunmuş tədris materialları, elmi konfrans və digər fəaliyyətlər yer alıbdır. “Əyləncə” rubrikasında öz əksini tapan maliyyə ilə bağlı məntiqi suallar və məşhur kəlamlar oxucuların şəxsi inkişafı, maliyyə yumorları isə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün faydalı hesab olunur.
Növbəti saylarda maliyyə və mühasibat işçiləri tərəfindən təqdim olunacaq məqalələrin jurnalda öz əksini tapacağı və birgə fəaliyyətin əldə olunmasına geniş şərait yaradacağı bildirilib.
Sonda iştirakçıların müzakirələri və jurnalın daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər dinlənilib.