“Dövlət atributlarından biri: Dövlət bayrağı”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində “Dövlət atributlarından biri: Dövlət bayrağı” mövzusunda konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirən Dövlət Bayrağı Gününün yaranmasına nəzər salıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıraraq ulu öndərin Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən söz açıb. Akademik Prezident İlham Əliyev tərəfindən imzalanan 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamları xatırladıb. Bildirib ki, həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Naxçıvanda dövlət atributlarına münasibət yüksək səviyyədə olduğunu vurğulayan İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

Bölmə sədri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Bayrağımız şərəfimiz, vicdanımız, müstəqilliyimizin rəmzidir” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Ən ali milli dəyər: Üçrəngli bayrağımız” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: