Tələbələr Dövlət Bayrağı Muzeyində olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Musiqi Kolleci tələbələrinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.  Tələbələrin Dövlət Bayrağı Muzeyi ilə tanışlığı zamanı məlumat verilib ki, qədim dövlətçiliyimizin simvollarını özündə əks etdirən bu məkan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb.

Muzeydə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında ölkəmizin müstəqilliyi və xalqımızın rifahı naminə verilən taleyüklü qərarları əks etdirən dəyərli nümunələr yerini alıb. Ekspozisiyada, həmçinin qədim dövlətlərimizin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları nümayiş etdirilir.

Qeyd olunub ki, Dövlət Bayrağı Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin ən hündür nöqtəsində yerləşən muzeyə tələbə-gənclər tez-tez üz tuturlar. Çünki bu muzey həm də özlüyündə bir vətənpərvərlik tərbiyəsi məktəbidir.

Mədinə Rəhimli

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: