Bu gün daha bir şagird erməni təcavüzünün qurbanı olub.
Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. O, Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.
Bununla da erməni təcavüzünün qurbanı olan şagirdlərin sayı 10-a çatıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində sentyabrın 27-dən oktyabrın 30-dək 9 məktəbli həlak olmuşdu.
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak olub. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.
Naftalan şəhərinin atəşə tutulması nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdi idi. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.
Gəncə şəhərinə raket atılması nəticəsində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nigar Əsgərova, 7-ci sinif şagirdi Artur Mayakov, 6-cı sinif şagirdi Orxan Xəlilli, 1-ci sinif şagirdi Məryəm Xəlilli həlak olublar.
Bərdə rayonunun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Aysu İsgəndərova da düşmən təxribatına qurban gedib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 16 məktəbli xəsarət alıb və 50-dək təhsil müəssisəsinə zərər dəyib.