Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə əlamətdar tarixi günə həsr edilmiş kitab sərgisinə baxış olub.
Universitetin rektoru Elbrus İsayev çıxışını Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini vurğulamaqla başlayıb. Sonra rektor 1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu əsasında qəbul edilən Konstitusiyamızdan danışıb. Bildirib ki, Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını təşkil edir. Universitetin rektoru Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra ölkəmizdə bir çox sahədə olduğu kimi, hüquqi dövlət quruculuğunda da əhəmiyyətli dəyişikliklər baş verib. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Universitetin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov “Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət və cəmiyyət quruculuğunun Əsas Qanunu” mövzusunda çıxış edib. Bildirib ki, 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
NDU-nun Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə-Gənclər Təşkilatının sədri, Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ülvi Vəliyev “Azərbaycan Respublikasının Konstitusiyası və cəmiyyətin ictimai həyatında gənclər” mövzusunda çıxışında gənclərin cəmiyyətin inkişafında rolundan söz açıb.
Sonda Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.