Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, monoqrafiyanın müəllifi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovdur.
Təqdimat mərasimində institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.
Alim qeyd edib ki, Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövrü mətbuat materialları əsasında müxtəlif mərhələlər üzrə araşdırılan kitabda bu sənət ocağının tarixinin əsaslı şəkildə araşdırılması ilə bərabər, bir sıra əsas tezislər də elmi-nəzəri baxımdan sistemli şəkildə tədqiqata cəlb olunub.
Daha sonra institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Üçəsrlik teatrda rejissor fəaliyyətinə yeni bir işıq” mövzusunda məruzəsi dinlənilib.
Qədim Naxçıvanın ölkənin musiqi və teatr mədəniyyətindəki yeri haqqında qiymətli fikirlərin yer aldığı tədqiqat əsəri tədqiqatçılar, müəllim və tələbələr üçün əvəzsiz mənbədir.
Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.