Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifat linkdə verilib) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:
Fiziki tərbiyə müəllimliyi;
Rəqs müəllimliyi;
Aktyor sənəti;
Aşıq sənəti;
Bədii yaradıcılıq işi;
Dekorativ tətbiqi sənət (sahələr üzrə);
Dizayn (sahələr üzrə);
Heykəltaraşlıq;
Xoreoqrafiya sənəti (sahələr üzrə);
İnstrumental ifaçılıq (alətlər üzrə);
Kinooperator sənəti;
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);
Rəngkarlıq (sahələr üzrə);
Teatr dekor sənəti;
Vokal sənəti (sahələr üzrə).
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.