Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlara qış geyimləri verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramının icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alıb, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.
Vurğulanıb ki, dövlətimizin gənclərə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar və innovativ layihələr tətbiq olunur.
Təhsil naziri deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə tərəqqi və inkişaf müşahidə olunur. Bu, özünü sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında da aydın göstərir, bu istiqamətdə mütərəqqi üsullar və müasir tələblər səviyyəsində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olanlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Nicat Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən həmin kateqoriyadan olan uşaqlara tolerant təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılır, bu istiqamətdə maarifləndirici görüşlər keçirilir. Onların istedadlarına uyğun ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və defektoloji bölmələrə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlb edilməsi istiqamətində zəruri işlər görülür.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət uşaq siyasəti uğurlu nəticələrindən bəhs edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı nəticəsində uşaqlara daim dövlət qayğısı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunur. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramları qəbul edilir və icra olunur. Bu gün keçirilən tədbir də uşaqlara göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
“Bu gün uşaqlara qış geyimlərinin verilməsi və bu istiqamətdə davamlı tədbirlərin keçirilməsi dövlətimiz tərəfindən ailələrə bir tərəfdən maddi dəstəkdirsə, digər tərəfdən ailələrə, eləcə də uşaqlara göstərilən mənəvi dayaqdır”, - deyən Ramilə Seyidova əmin olduğunu bildirib ki, valideynlər göstərilən qayğıdan səmərəli şəkildə yararlanaraq ölkəmizə vətənpərvər və bilikli vətəndaşlar yetişdirəcək, uşaqlar isə layiqli vətəndaş kimi böyüyəcəklər.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Tamara Zeynalova bu kateqoriyadan olan uşaqlara göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 81, sağlamlıq imkanları məhdud 286, aztəminatlı ailələrin övladlarından isə 85 olmaqla, ümumilikdə, 452 məktəbli təhsil sovqatı ilə sevindiriliblər.
Noyabrın 12-də muxtar respublikanın rayonlarında da aidiyyəti təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.