Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 17-də Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr, Təhsil Nazirliyinin fəaliyyətində yol verilən nöqsanlar və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov kollegiya iclasında məruzə ilə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 200-dən çox məktəb binası tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu işlər 2018-ci ildə də davam etdirilmişdir. 2018-ci ilin birinci yarısında Naxçıvan şəhər 6 nömrəli, Şərur rayon Ərəbyengicə, Culfa rayon Dizə kənd tam orta məktəbləri və Ordubad Rayon Təhsil şöbəsi üçün binalar istifadəyə verilmiş, Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon İbadulla, Kosacan, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Ordubad rayon Dəstə, Culfa rayon Qazançı kənd tam orta məktəbləri, eyni zamanda Ordubad rayon Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Mərkəzi üçün binaların tikintisi davam etdirilmişdir. Təhsil sistemində aparılan islahatlar təkcə məktəb tikintisi ilə yekunlaşmamış, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Belə ki, ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 4440 dəst kompüter verilmişdir ki, onların da 3368-i internet şəbəkəsinə qoşulmuşdur.
Vurğulanıb ki, muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm qərarlar qəbul edilmiş, yüksək şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Azərbaycan tarixi və mədəniyyəti ilə baglı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil edilir ki, bu da ümumtəhsil məktəblərində şagirdlərin bilik səviyyəsinin artmasına öz müsbət təsirini göstərir. Bununla yanaşı, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlıların təhsilə cəlbi üçün geniş imkanlar yaratmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər də dövlət qayğısı ilə əhatə olunmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” müvafiq sərəncamları ilə müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmış, eləcə də ixtisaslı kadrların hazırlıq səviyyəsinin artırılması diqqətdə saxlanılmışdır.
Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikamızda təhsilin inkişafı üçün yüksək şərait yaradılmasına baxmayaraq çox təəssüf ki, bu imkanlardan səmərəli istifadə olunmamışdır. Təhsil Nazirliyinin fəaliyyəti düzgün qurulmamış, təhsillə bağlı qanunların, normativ-hüquqi sənədlərin tələbləri pozulmuşdur. Kadr işi düzgün aparılmamış, pedaqoji kadrların yerləşdirilməsində, diaqnostik qiymətləndirilmənin aparılmasında, şahmat sertifikatlarının verilməsində, müəllimlərin dərs yükü normalarında, əmək haqqının hesablanması və ödənilməsində, kompensasiyaların hesablanmasında, məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkilində, attestatların verilməsində, eksternat qaydasında imtahanların keçirilməsində ciddi nöqsanlara yol verilmiş, dövlət büdcəsi vəsaitinin izafi xərclənməsi halları baş vermişdir.
Sonra təhsil nazirliyinin fəaliyyətində olan nöqsanlar müzakirə olunmuşdur. Məruzə ətrafında Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Tuncay Cəfərov, Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Naxçıvan Texniki Peşə və Sürücülük məktəbinin direktoru Rəfail Abdullayev və Naxçıvan Muxtar Respublikası Turizm-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları olub.
Kollegiyada sadalanan nöqsanlar və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında verilmiş tapşırıqlarla bağlı qərar qəbul edilmiş, buraxılmış nöqsanlarla əlaqədar bir qrup təhsil işçisinə müvafiq intizam tənbeh tədbiri tətbiq olunaraq, işlərində dönüş yaratmaları üçün vaxt verilmişdir.
Sonda kollegiya iclasına təhsil naziri yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Təhsil Nazirliyinin fəaliyyətindəki nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verərək demişdir: “Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarının imkanlarından düzgün istifadə edilməli, tədrisdə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərslərin təşkilində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqə davam etdirilməli, nümunəvi dərslərin təşkili diqqətdə saxlanmalıdır”.
Təhsil Nazirliyi bundan sonrakı fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında quracaq, üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, mövcud nöqsanların aradan qaldırılması, izafi xərclənən dövlət büdcəsi vəsaitinin geri qaytarılması istiqamətində fəaliyyətini gücləndirəcəkdir.