Azərbaycan xalqı öz tarixinin əsl dönüş nöqtəsini yazdı. İllərdir xalqımızın köksündə qabıq bağlamış Qarabağ yarası artıq sağaldı. Bəli, Qarabağ Azərbaycana qayıtdı.
10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının hər bir vətəndaşı qürur hissi keçirdi. Bu gün 30 ilə qədər davam edən qəlbimizi göynədən bir nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Bu qələbə xəbərini eşitdikdə keçirdiyim hissləri ifadə etmək mənim üçün çətin və qürurludur. Qələbə sevincini hər kəslə bölüşmək üçün çox tələsik şəhərə çıxdım. Şəhər mərkəzinə çatdıqda isə gördüyüm mənzərə məni daha da qürurlandırdı. Sən demə, çoxdan gözlədiyimiz bu xəbər yatan hər kəsi nəinki yuxudan oyatmış, hətta mənim kimi bir çoxlarını sevinclərini bölüşmək üçün küçələrə çıxmağa vadar etmişdi. Bu həyəcan, bu sevinc bütün şəhər camaatının əlindən tutub bu qələbənin səbəbkarlarının vətən yolunda canından keçən şəhidlərimizin ailələrinin yanına apardı. Keçirdiyimiz qürur hissləri bitmək bilmirdi. Sanki insanın üzərinə sözün əsl mənasında qürur yağışı yağırdı.
Bu qələbə öz yurd yuvasından didərgin düşən, məcburi köçkün həyatı yaşamağa məhkum edilən bir milyondan artıq soydaşımızın az qala tükənməkdə olan arzularının, ümidlərinin, xatirələrinin oyanmasıdır. Bu qələbə 30 ildir “Azan” səsi eşitməyən Gövhərağa məscidinə “Allah-u Əkbər” sədasının qaytarılmasıdır. Bu qələbə namərd ayağı altında qalan Qarabağ torpağına bolluq və bərəkətin özünəqayıdışıdır.
Torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda rəşadətli ordumuzun qazandığı hər bir zəfər bizim necə əzmkar xalq olduğumuzu hər səfərində təsdiq etdi. Düşmənlərimiz başqasının torpaqlarına göz dikməyin nəticəsini biabırçılıqla ödədilər. Bu gün Azərbaycan xalqı tarixin əsl qəhrəmanlıq salnaməsini yazdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik səriştəsi, siyasi iradəsi sayəsində 30 illik həsrət sona yetdi. O, Ali Baş Komandan olaraq güclü strategiyaya malik bir sərkərdə kimi dünya tarixinə öz adını qızıl hərflərlə yazdı.
Gözün aydın olsun Azərbaycan xalqı! Qələbə günün mübarək olsun! Bu sevincin, bu qürurun daim olsun!!! Qarabağ, sən Azərbaycansan və ayrı düşmüş cana qovuşduğun üçün xoşbəxtsən artıq!!!
Məcid Əkbərov
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi