AMEA Naxçıvan bölməsində tələbələr üçün elmi-praktiki seminar keçirilib - FOTOLAR
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminarda Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak edib.
Tədbirdə “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edən institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev tələbələrə müasir tədqiqat sahəsi-nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı danışıb. Vurğulanıb ki, institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında da bu sahədə müəyyən tədqiqatlar aparılır. Təcrübələrdə alınan nano və mikro hissəciklər laboratoriyada quraşdırılan Yaponiya istehsalı olan TM-3000 elektron mikroskopunda tədqiq edilir. Laboratoriya əməkdaşlarının apardığı tədqiqatların nəticələri ölkəmizdə və xaricdə çap olunan beynəlxalq elmi jurnallarda əksini tapıb.
TM-3000 elektron mikroskop ilə yaxından tanış olan tələbələrə iş prinsipi barədə ətraflı məlumat verilib, bir sıra birləşmələrin nano və mikro hissəcikləri nümayiş etdirilib.
Sonda alim tələbələrin çoxsaylı suallarını cavablandırıb.