Dövlət Bayrağı Muzeyində açıq dərs keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Bayrağı Muzeyində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda açıq dərs keçirilib.
Dərsi tarix müəllimi Azad Şirzadov keçib. Qədim dövlətçilik tarixi və ənənələri olan çağdaş Azərbaycan dövlətinin müstəqilliyini və şərəfli keçmişini əks etdirən dövlət bayrağımız və əlamətdar gün haqqında şagirdlərə ətraflı məlumat verib. Qeyd edilib ki, 17 noyabr müstəqil Azərbaycanın tarixi taleyində əlamətdar bir gündür. Məhz 1990-cı ilin həmin günündə ulu öndər Heydər Əliyev Naxçıvanda mühüm tarixi qərarlara imza atıb, üçrəngli bayrağımız 70 ildən sonra muxtar respublikanın Ali Məclisində qaldırılıb.
Açıq dərsdə şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar. Qeyd olunub ki, 1990-cı ilin 17 noyabrında ölkəmizin müstəqilliyi və xalqımızın rifahı naminə verilən taleyüklü qərarları əks etdirən dəyərli nümunələr bu muzeydə öz yerini alıb. Ekspozisiyadakı qədim dövlətlərimizin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları şagirdlər tərəfindən maraqla qarşılanıb.
Mədinə Rəhimli