“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının növbəti təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, monoqrafiya muxtar respublikanın son 25 ildəki sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir. Müəllifin elmi fəaliyyətində həmişə prioritet təşkil edən diyarımızın dinamik və davamlı inkişafı əsərdə faktiki materiallar, rəqəmlər əsasında təhlil edilib. Qeyd olunub ki, son 25 ildə enerji təhlükəsizliyi, iqtisadiyyat, kənd təsərrüfatı, tikinti-quruculuq və digər sahələrdə həyata keçirilmiş genişmiqyaslı tədbirlər muxtar respublikanın tarixində xüsusi mərhələ təşkil edir. Monoqrafiyada ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövrü muxtar respublikamızın, bütövlükdə, ölkəmizin həyatında dönüş nöqtəsi kimi qiymətləndirilir. Qısa bir zamanda qazanılan müqayisəyəgəlməz ictimai-siyasi uğurların əsasını isə, heç şübhəsiz, muxtar respublika rəhbərinin məqsədyönlü fəaliyyəti, möhkəm iradəsi, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirməsi təşkil edir.

Rektor təqdimatı keçirilən elmi monoqrafiyanın Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbə kollektivi, o cümlədən muxtar respublikamızı tanımaq, öyrənmək istəyən hər kəs üçün dəyərli, sanballı yaradıcılıq məhsulu olduğunu vurğulayaraq müəllifi uğurlu tədqiqat əsərinə görə təbrik edib, kitabın universitetə təqdim olunmasına göstərdiyi diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdə çıxış edərək bildirib ki, yeni nəşr 1995-2019-cu illərdə muxtar respublikanın inkişaf tarixinin ən mühüm mərhələsini əhatə edən və mühüm iqtisadi nəticələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəridir. Monoqrafiyada muxtar respublikanın dinamik və davamlı sosial-iqtisadi və mədəni inkişafı, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib. Kitab diyarımızın tarixi, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslıq elminə ən qiymətli töhfədir.

Qeyd edilib ki, monoqrafiyada muxtar respublikada məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilir, dinamik inkişafın qorunub saxlanıldığı göstərilir. Kitabda demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələsi də araşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması haqqında, eləcə də digər tarixi sərəncamların əhəmiyyətindən ətraflı bəhs olunur. Müəllif muxtar respublikamızda elm və təhsilin inkişafı, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması sahəsində mühüm addımlar atılmasından da ətraflı bəhs edir. Yeni nəşrdə tarixi irsin qorunması, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər geniş şərh olunub, Naxçıvan Muxtar Respublikasının “Caspian European Club”un Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinin qalibi olması faktı da öz əksini tapıb. Monoqrafiya Vətənimizin ayrılmaz parçası olan Naxçıvanda Heydər Əliyev ideyalarına dərin sədaqət, uğurlu idarəetmə sayəsində bütün sahələrdəki intibah təhlil edilir, gələcək müvəffəqiyyətlər proqnozlaşdırılır.

Surə Seyid akademik İsmayıl Hacıyevi sanballı tədqiqat əsərinin ərsəyə gəlməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış ediblər. Çıxışlarda bildirilib ki, yeni nəşr muxtar respublikanın 25 ilə yaxın bir dövrdə formalaşan inkişaf modelini, bugünkü ümumi mənzərəsini tam, dolğun şəkildə, konkret faktlarla oxucuya çatdırır. Muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurları, keçdiyi tarixi inkişaf yolunu öyrənmək istəyən hər kəs bu kitabın imkanlarından faydalana bilər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında muxtar respublikamızın son 25 il ərzində keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələr və qazanılan nailiyyətlərdən geniş bəhs edib, monoqrafiyanın ərsəyə gəlməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib.

Təqdimat mərasimində mövzu ilə bağlı slayd nümayiş olunub, sözügedən kitab tədbir iştirakçılarına hədiyyə edilib.

Qeyd edək ki, muxtar respublikanın 95 illiyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunub. Giriş hissə və üç fəsildən ibarət olan monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, rəyçiləri iqtisad elmləri doktoru, professor Nazim Əhmədov, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

Güntac Şahməmmədli

"Şərq qapısı" qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: