Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası Mədəniyyət Nazirliyinin hamiliyinə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hamilik proqramı çərçivəsində həmin ixtisas üzrə təhsil alan tələbələr üçün “Azərbaycanın dövlət bayrağı” mövzusunda açıq dərs keçirilib.
Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva qeyd edib ki, qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıbdır.
Çıxışda vurğulanıb ki, bayrağımız bu gün artıq mədəniyyətimizin beşiyi olan qədim Şuşamızda da əzəmətlə dalğalanır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Açıq dərs zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və tələbələr Dövlət Bayrağı Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Səftər Sadiqov